Siyasət 15:08 08.03.2024

Hakan Fidanın Vaşinqton danışıqları: Cənubi Qafqazda nə gözlənilir?

"Hakan Fidanın ABŞ-da apardığı görüşlərin Cənubi Qafqaz regionuna bu və ya digər şəkildə ciddi təsir edəcəyini düşünmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə xarici işlər naziri Hakan Fidanın ABŞ-a səfərini şərh edərkən deyib.

Siyasi şərhçi vurğulayıb ki, Qəzza hadisələri ilə əlaqədar bölgədə diplomatik trafik yaşanır:

"ABŞ rəsmilərinin bu fonda bölgəyə daimi səfərlərini görürük. Həmçinin, Türkiyə təmsilçilərinin də Yaxın Şərq və ABŞ-a səfərlərini müşahidə edirik. Hakan Fidanın ABŞ-a səfəri zamanı Qəzza ilə yanaşı Qarabağ məsələsini müzakirə etməsi təqdirəlayiqdir. Qarabağ məsələsi Türkiyənin xarici diplomatiyasının əsas vektorlarından biridir".



Rufiz Hafizoğlu deyib ki, Cənubi Qafqazda ciddi proseslər gedir:

"Ermənistan ABŞ və Avropa üçün "Troya atı" rolunu icra edir. Fransa başda olmaqla bir sıra Qərb ölkələri Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyir. ABŞ İrəvanla Bakı arasında birbaşa diplomatik əlaqələrin olması üçün çaba göstərib. Amma bu da əbəs idi. Çünki Azərbaycan heç bir halda danışıq, dialoqa və ortaq gələcəyə göz yummayıb. Hakan Fidanın bu mənada ABŞ-da apardığı görüşlərin regionumuza bu və ya digər şəkildə ciddi mənada təsir edəcəyini düşünmürəm".
 

Həmsöhbətimiz deyib ki, hazırda ABŞ Cənubi Qafqazda dominant rola malik deyil:

"Çünki haızrda Vaşinqton daha fərqli problemlərlə üz-üzədir. Bu Qəzza və İranla bağlı məsələdir. Hazırda ABŞ Cənubi Qafqazda dominant rola sahib deyil. Fransa burada dominant olmaq istəyir. Fransa, Hindistan və Yunanıstanın ayrı-ayrılıqda hər birinin Qafqazda maraqları var. Lakin bu maraqlar birbaşa Ermənistan və ya Azərbaycanla deyil, Pakistan və Türkiyə üzərindən yürüdülən maraqlardır. Burada Türkiyə üzərində Azərbaycanda hesablaşmaya çalışan Parislə Afinanı görürük. Hindistan isə Pakistan üzərində Azərbaycanda hesablaşmaya çalışır. İran da bölgədə aktiv rol alır. Tehran hər zaman Zəngəzur dəhlizinə alternativ axtarıb".


 
Ekspert bildirib ki, Türkiyə və Azərbaycan bölgədə yeni müharibənin alovlanmasını istəmir: 

"Türkiyə bölgədə yeni müharibənin olmasını istəmir. Amma bunu istəyən ölkələr də var. Bu ABŞ-dır, amma burada lokomotiv rolu Fransa, Hindistan, Yunanıstan və Cənubi Kipr oynayır. Onların bu ittifaqı güclənə bilər. Lakin unutmayaq ki, Azərbaycana da həm Avropada, İsraildə, bir çox ərəb, körfəz ölkələrinin timsalında, həm də dünyada yetərincə dəstək verən qüvvələr var. Lakin Azərbaycan bölgədə müharibənin yenidən alovlanmasında maraqlı deyil".
 
 
Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan ABŞ-da səfərdədir. Səfər çərçivəsində o, Baydenin müşaviri Ceyk Sallivanla Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib. Tərəflər iki ölkə arasındakı münasibətlərdə əldə olunacaq irəliləyişin Cənubi Qafqaz üçün həlledici olacağını vurğulayıb. Bundan əlavə, görüş zamanı Qəzzada vəziyyət və Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib. 

Rüfət Sultan