Gözəllik sənayesi demək olar ki, dərhal cavanlaşma, nəzərəçarpan liftinq və qırışların aradan qaldırılmasını vəd edən prosedurlar təklif edir. Lakin populyar metodların heç də hamısının effektivliyi elmi cəhətdən sübut olunmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya həkim-kosmetoloq və dermatoloq Yelizaveta Filonenko danışıb.
Həkimin belə prosedurlardan biri kimi üz üçün müxtəlif “detoks proqramlarını” qeyd edib:
“Detoks proqramları toksinləri bədəndən çıxarmağı vəd etsə də, dəri kosmetoloji üsullarla ‘təmizlənə’ biləcək şəkildə toksinləri toplamır. Ən yaxşı halda nəmləndirmə və şişkinliyin azalması hesabına xarici görünüşdə müvəqqəti yaxşılaşma əldə etmək mümkündür".
Onun sözlərinə görə, oksigen prosedurlarının da əhəmiyyəti həddindən artıq şişirdilir. Dərinin oksigenlə zənginləşdirilməsi ilə bağlı iddialara baxmayaraq, fizioloji olaraq oksigen hüceyrələrə dərinin səthindən deyil, qan dövranı vasitəsilə çatır. Buna görə də bu prosedurlar nəzərəçarpan cavanlaşdırıcı effekt vermir.
Kosmetoloq ev şəraitində istifadə olunan üz masaj cihazları ilə bağlı gözləntilərin də çox vaxt reklam səbəbindən şişirdildiyini bildirib. Onlar mikrosirkulyasiyanı yaxşılaşdıra və səhər saatlarında yaranan şişkinliyi azalda bilər, lakin üz konturunu dartmaq, ikinci çənəni aradan qaldırmaq və ya dərin yaş qırışlarını hamarlamaq gücündə deyil.
Parça maskalarda da oxşar vəziyyət müşahidə olunur. Həkimin sözlərinə görə, bu maskalar dərini yaxşı nəmləndirir və görünüşü qısa müddətdə təravətləndirir, lakin kollagen istehsalını stimullaşdırmır və yaşla bağlı dəyişiklikləri aradan qaldırmır. Onların effekti uzunmüddətli deyil.
Mütəxəssis ayrıca “Botoks effekti” və ya “bir həftəyə qırışların yox olması” vəd edən kremlərə də toxunub. Onun sözlərinə görə, kosmetik vasitələr dərinin vəziyyətini yaxşılaşdıra və xırda qırışları daha az nəzərəçarpan edə bilər, lakin inyeksiya və ya cərrahi üsulları əvəz edə bilməz.
“Bununla belə, sadalanan prosedurları tamamilə faydasız adlandırmaq olmaz. Onların bir çoxu həqiqətən dərinin vəziyyətini yaxşılaşdırır, quruluğu azaldır və daha təravətli görünməyə kömək edir. Problem bu prosedurlara obyektiv olaraq verə bilməyəcəkləri effektlər aid edildikdə yaranır”, deyə Filonenko vurğulayıb.
Həkim sonda qeyd edib ki, istənilən kosmetoloji proseduru seçməzdən əvvəl onun hansı problemi həll etməli olduğunu dəqiq müəyyənləşdirmək vacibdir. Söhbət nəzərəçarpan toxuma sallanması, dərin qırışlar və ya artıq dəridən gedirsə, vaxt və pul itirməmək üçün müasir korreksiya üsullarının real imkanlarını əvvəlcədən həkimlə müzakirə etmək daha məqsədəuyğundur.
Aydın
Şərhlər