"Yeni telefon almaq bəziləri üçün real ehtiyac, digərləri üçün isə sosial kimlik göstəricisidir. Bu fenomen həm də müasir insanın brendlərlə münasibətinin, istehlakçı mədəniyyətinin və sosial təsirlərin gücünü göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov "iPhone-17" almaq üçün Dubaya kimi gedənlərdən danışarkən deyib.
Psixoloq bildirib ki, son günlər Dubaya gedərək yeni "iPhone" alan insanların sayı cəmiyyətdə diqqət çəkib:
"Düzdür, bəziləri bunu "xəstəlik" adlandırır, bəziləri isə sadəcə zamanın tələbi kimi görür. Əslində bu davranışa psixoloji və sosial prizmalardan baxmaq lazımdır. Müasir istehlak psixologiyasında buna "hedonik istehlak" deyilir. Yəni insan məhsulu yalnız funksionallığına görə deyil, həm də sosial mövqeyini nümayiş etdirmək üçün alır. İlk sahib olanlar özlərini fərqli, üstün və "trendin önündə" hiss edirlər. Dubaya gedib yeni model telefon alanların motivi sadədir. Bir qismi ilk olmaq, diqqət qazanmaq, paylaşımda "birinci" olmaq, bəziləri isə sosial status axtarışındadılar".
"Bəs bu, xəstəlikdirmi" sualına cavabında psixoloq qeyd edib ki, xəstəlik deyil:
"Bu, psixi pozuntu deyil, istehlakçı davranışının və kütləvi dəbin nəticəsidir. Ancaq həddindən artıq, nəzarətsiz alış-veriş vərdişinə çevrilərsə, o zaman psixoloji problem kimi dəyərləndirilə bilər. Onu da qeyd edim ki, texnologiya artıq sadəcə vasitə deyil, özünüifadə formasıdır. Yeni telefon almaq bəziləri üçün real ehtiyac, digərləri üçün isə sosial kimlik göstəricisidir. Bu fenomen həm də müasir insanın brendlərlə münasibətinin, istehlakçı mədəniyyətinin və sosial təsirlərin gücünü göstərir".
Qeyd edək ki, "iPhone-17 smartfonları sentyabrın 26-da satışa çıxarılacaq. "iPhone-17" smartfonlarının Azərbaycanda satış qiymətləri elan olunub. "iPhone-17" (sadə) 256 GB - 2340 AZN, "iPhone-17" (sadə) 512 GB – 2920 AZN, "iPhone-17 Air" 256 GB - 2920 AZN, "iPhone-17 Air" 512 GB – 3500 AZN , "iPhone-17 Air" 1 TB – 4040 AZN, "iPhone-17 Pro" 256 GB - 3210 AZN, "iPhone-17 Pro" 512 GB – 3790 AZN, "iPhone-17 Pro" 1 TB – 4310 AZN, "iPhone-17 Pro Max" 256 GB - 3500 AZN, "iPhone-17 Pro Max" 512 GB – 4080 AZN, "iPhone-17 Pro Max" 1 TB – 4580 AZN, "iPhone-17 Pro Max" 2 TB - 5670 AZN təşkil edib.
Bahar Rüstəmli
Şərhlər