Xəbər lenti

İntiqam Əliyevin ev dustaqlığına buraxılması üçün müraciət
Siyasət17:00 26.11.2014

İntiqam Əliyevin ev dustaqlığına buraxılması üçün müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkədəki insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı fəaliyyətini bərpa edən İşçi Qrupu dekabrda yenidən toplaşacaq.
Bu barədə Musavat.com-a hüquq müdafiəçiləri məlumat veriblər. Hazırda isə onlarla məhbusla bağlı siyahılar, materiallar yığılır. İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, əsasən xəstə məhbusların sənədləri, xəstəlik kağızları toplanır: “Materiallar yığırıq. Pərviz Həşimlinin həyat yoldaşı gəlmişdi, sənədləri gətirdi. Həmçinin NİDA-çı gənclərin xəstəlikləri barədə sənədləri yığırıq”.

İşçi Qrupun üzvləri Baş Prokurorluğa hüquqşünas İntiqam Əliyevlə bağlı da müraciət ünvanlayıblar: “Onun xəstəliyi ilə bağlı müraciət etdik ki, ev dustaqlığına buraxılsın və müalicəsinə şərait yaradılsın. Onun vəziyyəti ciddidir və təcili tədbir görülməlidir”. Hüquq müdafiəçiləri Leyla Yunusla bağlı da müraciət etməyi düşünürlər. “Leyla Yunusla da bağlı təcili toplaşıb danışacağıq. Onun səhhəti ağırdır, istəyirik ki, xaricə müalicəyə gedə bilsin. Bununla bağlı İşçi Qrupun özündə yığışıb danışacağıq. Təcili tədbir görülməsinə ehtiyac var”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə qeyd edir ki, hazırda İşçi Qrupu ciddi şəkildə işləyir: “Müraciətlərə baxılır. Sonuncu iclasda qaldırılan məsələlər haqqında arayışlar hazırlanır, sənədlər yığırıq, onları aidiyyatı orqanlara təqdim edirik. Ümid edirik ki, ilin sonuna kimi irəliləyişlərin, nəticələrin şahidi olacağıq”.

S.Bənənyarlı ilin sonunda əfv sərəncamının veriləcəyini və həmin siyahıya müraciətlərinə baxdıqları şəxslərin düşəcəyini də inamla bildirib: “Biz əfv siyahısında müraciət etdiyimiz insanların adlarını görmər istəyirik”.

İşçi Qrupun üzvü olan deputat Çingiz Qənizadə isə bildirib ki, onlar uzun müddət həbsi, həbs olunduğu maddələr müzakirə predmeti olan ayrı-ayrı şəxslərdən daxil olan müraciətlərə baxa biləcəklər: “Həm istintaq, həm də məhkəmə zamanı hüquqlarının pozulduğunu iddia edən şəxslərin işinə yenidən baxılması zəruridir. İşçi Qrupu həmin müraciətləri araşdırıb aidiyyatı qurumlardan, həmçinin dövlət başçısından kömək istəyəcək. O cümlədən, ölkənin siyasi həyatında aktiv olan insanlar var ki, müxtəlif maddələrlə həbs olunublar, onların cəzasının yüngülləşdirilməsi, vaxtından əvvəl azad olunması kimi məsələlər ümumi işimizin tərkib hissəsi kimi olacaq. Bu və digər işlərin aidiyyatı nazirlik və prokurorluq tərəfindən nəzarətdə saxlanmasına çalışacağıq. Bizim, hüquq müdafiəçilərinin qaldırdığı məsələlər sırf tövsiyə xarakterlidir, ancaq əfv fərmanları zamanı nəzərə alınıb və prezident tərəfindən dəyərləndirilib. Bundan sonra da belə olacağını güman edirəm. Dekabrın sonlarında növbəti toplantı olacaq. Biz siyahı hazırlayıb Əfv Komissiyasına göndərəcəyik. Ümid edirəm ki, ilin sonunda, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı veriləcək əfv fərmanında bizim siyahımızda olan şəxslər də əfvə düşəcək”.

Qeyd edək ki, Azərbaycanda insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı fəaliyyətini bərpa edən İşçi Qrupu Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təklifi ilə bərpa edilib.

Qaynar.info