Xəbər lenti

Dünya 13:00 30.08.2022

İran PUA-larının ilk partiyası yük təyyarələri ilə Rusiyaya çatdırıldı

Rusiya İrandan hücum pilotsuz uçuş aparatlarının ilk partiyasını alıb. Təlimdən sonra PUA-ların Ukraynaya qarşı müharibədə istifadə olunacağı güman edilir.

Bu barədə Qaynarinfo "Washington Post”a istinadən xəbər verir.

PUA-lar yük təyyarələri ilə Rusiya Federasiyasına çatdırılıb. İlk təyyarələr avqustun 19-da İrandan havaya qalxıb, təyyarələr döyüş sursatı daşımaq və radar, artilleriya və digər hərbi hədəflərə hücum etmək qabiliyyətinə malik olan ən azı iki növ pilotsuz uçan aparatı daşıyıb.

Bayden administrasiyasının rəsmiləri bildiriblər ki, "Mohajer-6” və "Shahed” seriyalı dronların Moskvaya çatdırılması İranın yüzlərlə müxtəlif tipli PUA-ların planlaşdırılmış tədarükünün ilk hissəsi hesab olunur.

İran PUA-ları Rusiyanın Ukraynadakı hərbi kampaniyasında böyük boşluğu doldurmağa kömək edə bilər. Güman edilir ki, Rusiya ordusu iki model "Shahed” pilotsuz uçuş aparatı alacaq: "Shahed-129” və "Shahed-191”, həmçinin "Mohajer-6”. Onların hamısı həm müşahidə, həm də zərbələr üçün nəzərdə tutulmuş ən yaxşı İran hərbi PUA-ları sayılır.

Analitiklərin fikrincə, Rusiya bu cür dronların yerli istehsalını artırmaqda maraqlı görünsə də, Qərbin sanksiyaları və ixrac nəzarəti bu cür silahların istehsalı üçün lazım olan yarımkeçirici çiplərin axınını dayandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->