Xəbər lenti

İsa Qəmbərin qardaşı Qubad İbadoğluna dəstək verdi
Siyasət12:25 04.09.2014

İsa Qəmbərin qardaşı Qubad İbadoğluna dəstək verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavatın lideri İsa Qəmbərin qardaşı Rövşən Qəmbər partiyada başqan postu uğrunda gedən mübarizədə Qubad İbadoğluna dəstək verdiyini açıqlayıb.

Rövşən Qəmbər Almaniyada yaşayır.

“Azadlıq” qəzetinin məlumatına görə, Rövşən Qəmbər müraciət yayaraq deyib ki, Arif Hacılı, Səxavət Əlisoy, Tural Abbaslı da Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlardır və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermədə qərar verəcək: “Lakin Qubad İbadoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdandır. Ona görə də hesab edirəm ki, başqan Qubad bəy olmalıdır”.

Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və onun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir. İctimai Təşəbbüslər Mərkəzinin sədridir. 1996-cı ildən Müsavat Partiyasının üzvüdür. 

Avqustun 28-də Müsavat Partiyasında seçki prosesi başlayıb. Sentyabrın 27-nə təyin olunmuş partiya qurultayının gündəliyində duran əsas məsələ başqan seçkisidir. Təşkilat komitəsinin qərarına əsasən, namizədlərin irəli sürülməsi 28 avqust səhər saat 10-da başlayıb və 17 sentyabr səhər saat 10-da başa çatacaq.

Qaynar.info