Xəbər lenti

Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçiridi
Ölkə 17:58 02.11.2023

Jurnalist Cəmil Məmmədlinin növbəti məhkəmə prosesi keçiridi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

Qaynarinfo xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkən qismində tanınan Gülnarə Həbibova ifadə verib. 

Gülnarə Həbibova ifadəsində bildirib ki, ayrı-ayrı vaxtlarda Cəmil Məmmədliyə ümumilikdə 6500 manat pul verib. Zərərçəkən jurnalistin ondan birbaşa pul istəmədiyini deyib. "Deyirdi ki, Bakıya getməliyəm, filankəslərlə görüşməliyəm. Amma heç siqaret almağa pulum yoxdur. Mən də ona pul vermişəm”, deyə Gülnarə Həbibova bildirib.

Onun sözlərinə görə, Cəmil Məmmədliyə pulları anasının qətli ilə bağlı yazdığı yazılara görə verməyib: "Yazılara görə pul verməmişəm.  Deyirdi ananın qətl işi ilə bağlı filankəslə görüşməliyəm. Mən də pul verirdim. Yəni, belə qənaət yaradırdı bu görüşlərdə xərci çıxır”.

Gülnarə Həbibova əlavə edib ki, Cəmil Məmmədli onunla söhbətlərdə anasının qətli ilə bağlı hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüşdüyü deyib. "Yazışmaları istintaqa təqdim etmişəm” deyən zərərçəkən hesab edir ki, Cəmil Məmmədlinin niyyəti onu aldadıb pul almaq olub. 

Jurnalist isə deyilənlərin yalan olduğunu bildirib: "İnternet kanallara verdiyiniz müsahibələrdə deyirsiniz ki, Cəmil Məmmədli ilə yalnız 3 ay əlaqəmiz olub. Sonradan onun başqa yerlərə işlədiyini bilmişik. İndi isə sizin sözlərinizdən məlum olur ki, proses 3 ay çəkməyib. İndi sual edirəm: Müsahibələrinizdə düz danışmısınız, yoxsa burda?”.

Gülnarə Həbibova daha sonra jurnalistin vəkili Fariz Namazlının suallarını cavablandırıb. Vəkil zərərçəkəndən verdiyi pulları niyə gec tələb etdiyini soruşub. Gülnarə Həbibova isə bunu Rusiyada olması ilə əlaqələndirib. 

Daha sonra iş üzrə şahid qismində tanınmış Dəyanət Məmmədov ifadə verib. Onun ifadəsi ilə zərərçəkənlər Cavid Balaqədəşovla Ağasalam Ağayevin ifadəsi ziddiyyət təşkil edib.

Məlumat üçün deyək ki, Cavid Balaqədəşovla Ağasalam Ağayev Cəmil Məmmədliyə 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə elan olumuş ittiham üzrə zərərçəkən qismində tanınıb.

Onlar ötən prosesdə Cəmil Məmmədliyə deyil, Dəyanət Məmmədova pul verdiklərini bildiriblər. Eyni zamanda, Cəmil Məmmədlidən şikayətçi olmadıqlarını deyiblər.

Dəyanət Məmmədov isə iddia edib ki, hər iki şəxs pulu Cəmil Məmmədliyə verib. Cəmil Məmmədli Dəyanət Məmmədovun dediklərinin yalan olduğunu bildirib.  

Proses noyabrın 23-nə təxirə salınıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->