Xəbər lenti

Kaş Əylisli bu romanı oxuyub, başa düşərdi ki... - “Məryəm surəsi”
Sənət12:06 23.06.2023

Kaş Əylisli bu romanı oxuyub, başa düşərdi ki... - “Məryəm surəsi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pərviz Cəbrayılın "Məryəm surəsi"ni bitirdim. Son günlər oxuduğum heç bir müəllif məni təəccübləndirə bilməmişdi. Həm də hər dəfə hansısa tənqidçinin və ya oxucunun "bəh-bəhlə" təriflədiyi kitabları oxuyub, yeni bir nəsnə görmədikcə, düşünürdüm ki, bəlkə mən çox tənqidi yanaşıram oxuduqlarıma??? 
Gələk Pərviz bəyin "Məryəm surəsi"nə. Kitabı bitirdikdən sonra məni ən çox maraqlandıran sual: niyə orta, hətta hərdən ortadan da aşağı romanları ağlzdolusu tərifləyən tənqidçi və ədəbi mühitin adamları indiyə kimi bu kitab haqda heç nə yazmayıblar? Bəlkə də yazıblar, amma mən rast gəlməmişəm.
Mən Allaha inanan, dindar, inanclı və patriot bir xanımam. Zatən bu göz önündədir. Amma əsəri özünü "keyfiyyətli oxucu" olan biri kimi dəyərləndirəcəyəm. Əsər oxuduğum bütün (son dövrdə) Azərbaycan müasir ədəbiyyatına aid ediləcək romanlardan qat-qat yüksəklərdə dayanır. Elə oxuduğum müasir dünya ədəbiyyatındakı romanların çoxundan da. Pərviz bəyi təbrik edir və bir oxucu kimi onun məhz bu romanıyla Orhan Pamukla (həm də Pamukun son dövrlərdə yazdığı papsa ədəbiyyat deyil, məhz Nobelə aparan əsərləri ilə), Milan Kundera ilə baş-başa gələcək səviyyədə olduğunu əminliklə deyirəm. Əsər təxəyyül məhsulu olsa da, yazıçı oxucunu oxuduğuna inandıra bilir. 
Q. Q. Markesin ən çox sevdiyim əsəri "Polkovnikə kimsə yazmır" əsəridir, elə bilirəm o əsər "Yüz ilin tənhalığındakı" məfkurə dalınca gedən qəhrəmanın sonrakı həyatıdır. Bütün məfkurələrinsə, sonda heçliyə apardığı acınacaqlı olsa da, danılmazdır. "Məryəm surəsi"ndə Pərviz bəy bu xətti Markesdən də yaxşı anlada bilir. 
Yadımdadır, Əkrəm Əylislinin "Daş yuxuları" daşa tutulanda, mən öncə daşatanları qınadım, amma "Daş yuxuları" oxuduqdan sonra mənim qədər tolerant bir oxucu belə şoka düşmüşdüm. Kaş Əylisli bu romanı oxuyub, başa düşərdi bizim ondan nə gözlədiyimizi.
Biz hamımız (bütün insanlıq - Avropadan Asiyaya, Qərbdən-Şərqə) doğulur və özümüzü dərk edəndən "Umud"u axtarırıq, (nahaq yerə bütün insanlıq demirəm. Bunu deməyə elə Lars Fon Triyerin və ya Berqmanın müsahibələrin oxusaq, görürük ki, axtarışda olan təkcə biz deyilik, ideal saydığımız cəmiyyətlərdə də eynidir). "Umudu" axtara-axtara hərəmiz bizə yazılan bir yol qət edirik. Pərviz bəy sözsüz ki, öz fəlsəfəsi ilə qəhrəmanını bütün yollara salır və hər dəfə də yolu tamamlamağa imkan vermir. Bu da qəhrəmanın bir insan - bir qadın deyil, bütün insanlıq olduğundan irəli gəlir. Bilirsiz, şəxsən mən o qəhrəmanın həyat tərzindən çox uzaq birisiyəm (gözəl ailədə böyümüşəm, ideal atam-anam olub, məşəqqətli, kələ-kötür həyatı ya kitablarda oxumuşam, ya da filmlərdə görmüşəm, bütün inqilablara neqativ yanaşıram), amma kitabı oxuyanda hamınız o qəhrəmanda sizdən bir pay olduğunu görəcəksiniz. Mən 80-lərdən, 90-lardan gələn yolçu kimi bunu gördüm.
Əsərin sonluğunda kəsilmiş başla bağlı məqam isə bütün müharibələrin faciəvi "başı-üzü"dür.
Bir qeyd də edim. Mən 7-8 yaşlarımdan ciddi ədəbiyyat oxuyuram. Obyektiv və subyektiv səbəblərdən adətən rus dilində mütaliə etmişəm. Son zamanlar bu ənənəni qırmaq qərarına gəldim. Amma ... Azərbaycanca oxuduğum kitabları anlamaqda çətinlik çəkirdim. Bulqakovun "Master və Marqarita”sını Saday Budaqlının tərcüməsində (ən sevdiyim əsər olduğu üçün orjinalda bir neçə dəfə oxumuşam) oxuduqda problemin məndən qaynaqlanmadığını anlamışdım. Amma əsəri əzbər bildiyim üçün çox da özümə inanmırdım. Şahbaz Xuduoğlunu məşhur fikrinə görə qınayırlar. Amma elə şəxsən mən də o problemi hiss edirəm. Son zamanlar öz dilimizdə oxuduğum kitablarda bir abzası bir neçə dəfə oxumaq məcburiyyətində qaldığım da olub (guya Platonovluq edib, dillə oynayırlar, amma dili bərbad günə qoyurlar).
Pərviz bəyə bir də ona görə minnətdaram ki, problemin məndə olmadığını bir daha anladım. Əsərin dili çox rahat və başa düşüləndir.
Müəllifə yeni romanlar diləyi ilə...
Səma Hüseyn