Şimali Koreya lideri Kim Çen İnin qızı Kim Cu-ae 2022-ci ilin noyabrında ilk dəfə ictimaiyyətə təqdim olunub.
Qaynarinfo xəbər verir ki, o vaxtdan bəri nüvə obyektlərindən istirahət mərkəzlərinə qədər bir çox yerdə atasının yanında görünür. Dövlət mediası onu "ən əziz” və "hörmətli” kimi ifadələrlə təqdim edir, hətta bəzi hallarda "böyük rəhbər” adlandırır. Bu, analitiklərə görə, onun gələcəkdə ölkə rəhbərliyini atasından təhvil almağa hazırlandığına işarə ola bilər.
Rəsmi titulu olmayan və səsi xarici ictimaiyyət tərəfindən eşidilməmiş 12 yaşlı olduğu düşünülən Cu-ae son üç ildə atasının yanında utancaq bir qızdan özünə inamlı ictimai fiqura çevrilib. Xüsusilə hərbi tədbirlərdə iştirakı diqqət çəkir. 2023-cü ildəki hərbi paradda yüksək rütbəli bir generalın ona diz çökərək hörmət göstərməsi - bu jestin əvvəllər yalnız Kim Çen İna edildiyi bilinir - onun statusunu gücləndirən nümunələrdən biridir.
Cənubi Koreya kəşfiyyatı Kim Çenin iki övladı olduğunu, bəlkə də üçüncüsünün də ola biləcəyini bildirir. Lakin ictimaiyyət qarşısına yalnız Cu-ae çıxarılıb. Əgər o, atasının təyin etdiyi varisdirsə, Şimali Koreyanın tarixində ilk dəfə qadın bir lider hakimiyyətə gələcək və ölkə dünyanın ən yeni nüvə gücü olaraq qadın rəhbər tərəfindən idarə olunacaq.
"New York Times" Kim Çenin gənc yaşda olmasına baxmayaraq, varis hazırlamasını məntiqli sayır. Səbəb olaraq ailəsindəki ürək xəstəlikləri tarixi və onun sağlamlıq problemlərinə səbəb ola biləcək siqaret, ağır qidalanma, içki məclisləri və gecəyə qədər internet istifadəsi kimi vərdişləri göstərilir. Cənubi Koreya kəşfiyyatına görə Kim internetdə ən çox silahlarla bağlı məzmunlara baxır.
Aydın
Şərhlər