Rusiyanın hərbi-siyasi rəhbərliyi böyük ehtimalla Moldovada Kremlin nəzarətində olan separatçı Dnestryanı bölgəsində təxribatlar hazırlayır. "Yalançı bayraq” altında əməliyyat ölkədə sabitliyi pozmaq və Kişinyovun Avropaya inteqrasiya səylərinə zərər vermək məqsədi daşıyır.
Qaynarinfo xəbər verir ki, bu qənaətə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (İSW) analitikləri
gəlib.
Ekspertlərin hesabatı göstərir ki, Moskva ehtimal ki, indi tanınmamış Dnestryanıda bu əməliyyat üçün informasiya şərtlərini müəyyən edir.
İSW hesab edir ki, bu cür tədbirlər Rusiyanın "Moldovada sabitliyi pozmaq və onun Avropa İttifaqına inteqrasiyasının qarşısını almaq” cəhdinin davamı ola bilər.
Ekspertlər dekabrın 23-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Moldova prezidenti Maya Sandunun "Dnestryanıda hərbi əməliyyat planı hazırlaması” ilə bağlı bəyanatlarını təhlil ediblər.
Rusiya tərəfi Moldovanın bu hərbi əməliyyatının guya "müharibəyə səbəb ola biləcəyini” bildirib.
Rusiya Xarici Kəşfiyyat Xidməti təsdiqlənməmiş məlumatları səsləndirib ki, Moldovanın enerji təhlükəsizliyi agentliyinin rəhbərliyi ilə görüş zamanı Sandu guya hökuməti "Dnestryanı üzərində nəzarətin yaradılması və Rusiyanın regionda mövcudluğunun aradan qaldırılması üçün plan hazırlamağa” çağırıb.
Rusiyanın hərbi qurumu ilə bağlı "hərbi blogger” bu xəbəri yayıb və eyham vurub ki, güya Sandu "Rusiya Federasiyasının Ukrayna ərazisindən qaz tranzitini dayandırmasına cavab olaraq” Dnestryanıya hücum etməyi planlaşdırır”. Rus bloger hətta belə hücum üçün mümkün yeri, yəni Dnestryanıda yerləşən Kuçurqan elektrik stansiyasının adını çəkib.
Bu arada Sandunun aparat rəhbəri Andrian Balutel Rusiya kəşfiyyatının açıqlamalarını təkzib edib və Moldovanın Dnestryanıda heç bir hərbi əməliyyat hazırlamadığını bildirib.
Moldova rəsmisi Rusiyanın iddialarını "çaxnaşma və inamsızlıq səpmək üçün hazırlanmış ciddi və təhlükəli dezinformasiya” adlandırıb.
Bundan əlavə, Moldovanın baş naziri Dorin Reçan Rusiya SVR-nin iddialarını Kremlin "hibrid müharibəsi”nin bir hissəsi adlandırıb.
Rəsmi Kişinyov Kremlin Moldovada sabitliyi pozmağa çalışdığını təkrarlayıb.
İSW qeyd edib ki, Kreml Moldovanın daxili işlərində sabitliyi pozmaq üçün daim qaz və enerji şantajından istifadə edib.
Müharibənin Tədqiqi İnstitutunun ekspertləri hesab edirlər ki, Rusiya Ukraynanın qaz tranziti sazişini uzatmaqdan imtina etməsindən "Moldova cəmiyyətində Sandunun qərbyönlü hökumətinə qarşı çaxnaşma və inamsızlıq yaymaq üçün” istifadə edə bilər.
Nizami Bağırov
Şərhlər