Dünya 16:20 10.06.2023

Kreml Levon Ter-Petrosyanı hakimiyyətə qaytarır?

"Ter-Petrosyanın səfir Sergey Kopırkinlə görüşü daha çox baş nazir Nikol Paşinyanın xahişi ilə baş tutub və Rusiyanın nəbzini yoxlamaq xarakteri daşıyır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşməsini şərh edərkən deyib. 

Politoloq bildirib ki, Ter-Petrosyan zaman-zaman Paşinyanı tənqid etsə də, baş nazirə strateji məsələlərdə məsləhətlər verir: "Ter-Petrosyan Kopırkini inandırmağa çalışıb ki, öz sərhədinə özü nəzarət etməyi bacarmalıdır”.



Həmsöhbətimiz Rusiyanın vasitəsilə Ter-Petyosyanın yenidən hakimiyyətə gəlmək istəyini real saymır:

"Onun səhhəti bundan sonra Ermənistan kimi zəifləmiş ölkəyə başçılıq etməyə imkan vermir. Fikrimcə, Ter-Petrosyanın Rusiya səfirilə görüşü sadəcə olaraq, Ermənistan ətrafında yaranan ümumi siyasətlə bağlıdır. Bu görüşün əsas səbəblərindən biri Rusiyanın gələcəkdə nələr edə biləcəyini test etməkdən ibarət olub. Görüşdə əsas müzakirə predmetlərindən biri Zəngəzurda açılacaq yol olub. Ter-Petrosyan bu yolda məhz Ermənistan sərhəd qoşunlarının dayanmasını tələb edir. Paşinyan hökuməti də məhz bunu tələb edir. Paşinyanla Ter-Petrosyanın fikri bu məsələdə üst-üstə düşür".

Politoloq bildirib ki, Ter-Petrosyan bütün hallarda Ermənistan dövlətinin maraqları çərçivəsində səfirlə görüşür.

"Həmin plan isə əslində Ermənistandan rus qoşunlarının tədricən çıxarılmasını ehtiva edir. Zəngəzur yoluna nəzarət Ermənistan sərhəd qoşunlarına veriləcəksə, çox keçmədən onlar Türkiyə və İranla sərhəddə də durmaq istəyəcəklər. Rusiya səfiri son açıqlamalarında Moskvanın İrəvanın yanında olduğunu, hətta Azərbaycan-Ermənistan sərhədində rus qoşunlarının mütəmadi yoxlama-nəzarət işini həyata keçirdiyini bildirib. Deməli, Rusiya da anlayır ki, artıq düyməyə basılıb”, deyə Natiq Miri bildirib.

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinlə görüşüb. Bildirilib ki, Levon Ter-Petrosyanın təşəbbüsü ilə baş tutan görüş onun şəxsi evində keçirilib. Tərəflər görüş zamanı demək olar ki, Ermənistan ictimaiyyətini narahat edən bütün problemlərə toxunublar. 

Rüfət Sultan