Dünya 17:12 28.11.2023

Kuleba Lavrova görə ATƏT-in iclasını boykot edəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Şimali Makedoniyada keçiriləcək ATƏT nazirlərinin görüşünə getməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa Pravda" məlumat yayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenkonun sözlərinə görə, bu qərar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tədbirdə iştirakı ilə bağlıdır.

"Ukrayna nümayəndə heyəti xarici işlər naziri səviyyəsində ATƏT-in nazirlər görüşündə iştirak etməyəcək. Eyni zamanda, Ukrayna ATƏT-in prinsiplərinə sadiq qalır və Helsinki Yekun Aktına hörməti bərpa etmək üçün tərəfdaşlarla işləməyə davam etməyə hazırdır", deyə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi izah edib.

O əlavə edib ki, Kiyev Şimali Makedoniyaya Ukraynanı dəstəklədiyinə görə minnətdardır. Nikolenko vurğulayıb ki, Rusiya ATƏT-i məhv etməyə və təşkilatın gündəliyindəki əsas məsələlər üzrə konsensusa mane olmağa çalışır.

Noyabrın 30-dan dekabrın 1-dək Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu sessiyası keçiriləcək. Lavrovun görüşdə şəxsən iştirak edəcəyi gözlənilir. Aİ qeyd edib ki, Rusiya XİN rəhbərinin foruma səfəri sanksiyalardan istisna olacaq. Bolqarıstan artıq Lavrovun təyyarəsinin ölkənin hava məkanından keçməsinə icazə verəcəyini vəd edib.

Aydın