"Kremlin sanksiyalar dairəsindən çıxmaq üçün tapdığı 3 ölkə Çin, Hindistan və Braziliyadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Ukrayna xarici işlər naziri Dmitri Kulebanın ad çəkməsə də, sanksiyalar buxovundan xilas olmaq üçün Rusiyaya kömək əlini uzadacaq 3 ölkənin olduğunu bəyan etməsi fonunda bu dövlətlərin hansılar olduğuna aydınlıq gətirərkən deyib:
"Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələr arasında Avropa qitəsi üstünlük təşkil edir. Bu qitənin əksər ölkələri sanksiyalara qoşulub. Bu fonda Rusiya məcburdur ki, üçüncü dünya ölkələrilə əməkdaşlığa geniş yer versin. Bu ölkələr sırasında isə əsas yeri Asiya qitəsi ölkələri tutur. Ukrayna bu fonda yerdə qalan ölkələrin də sanksiyalara qoşulması istiqamətində işləyir”.
Həmsöhbətimiz bildirir ki, əslində Rusiyaya Qərbin qoyduğu sanksiyalardan yan keçmək üçün üçüncü dünya ölkələri kifayət deyil. Amma bununla belə, onlar müəyyən bir pəncərə funksiyasını yerinə yetirə bilərlər:
"Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışlarına nəzər salsaq görərik ki, Moskva sanksiyalar dairəsindən çıxmaq üçün nəzərdə tutduğu ölkələr üçüncü dünyanın nəhəng ölkələridir. Bunlar Rusiyaya qarşı sanksiyalara qoşulmayan Çin, Hindistan və Braziliyadır. Pekin Rusiyadan neft almaqda davam edir.
Hindistan da sanksiyalara qoşulmayıb. Braziliyada isə sosialist millətçi düşüncə yüksəkdir.
Əlavə alaraq bu siyahıya İtaliya və Almaniya da aid edilə bilər. Roma ilə Berlin sanksiyalara qoşulsa da, dəfələrlə qeyd ediblər ki, neft-qaz məhsullarına olan embarqoya qarşıdırlar”.
Rüfət Sultan