Siyasət 14:58 18.01.2023

“Laçın dəhlizinə Azərbaycan nəzarət etməlidir” - Tofiq Zülfüqarov

"Nəzarət olacaq, blokada isə olmayıb və olmayacaq. İstər Sergey Lavrovla danışıqlarda, istərsə də bu məsələni şərh edən digər xarici siyasətçilərlə təmaslar zamanı təxminən bu mövqe sərgilənir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla olan telefon danışığını şərh edərkən deyib. Sabiq nazir bildirib ki, erməni ictimaiyyəti Qarabağda nəzarətin Azərbaycan qanunlarına uyğun olaraq getdiyinə öyrəşməlidir:


 
"Telefon danışıqlarında hansı fikirlərin səsləndiyini demək çətindir. Ona görə də, bu barədə rəsmi şərhləri gözləməliyik. Amma erməni ictimaiyyəti Qarabağda nəzarətin Azərbaycan qanunlarına uyğun olaraq getdiyinə öyrəşməlidir. Bu, qaçılmazdır. Ermənistan çalışır ki, aksiyanın keçirilməsinin düzgün olmadığı barədə kimlərsə Azərbaycana irad tutsun. Amma hər bir ölkə öz ərazisində həmin təcrübəni tətbiq edir. Yəni, nəzarət blokada demək deyil. Hər zaman bunu deməliyik. Nəzarət olacaq. Blokada isə olmayıb və olmayacaq. İstər Lavrovla danışıqlarda, istərsə də bu məsələni şərh edən digər xarici siyasətçilərlə təmasda təxminən bu mövqe sərgilənir. 

Əraziyə nəzarətin tətbiq olunması zamanı sülhməramlıların da köməyi mütləq lazımdır. Çünki qanunlara nəzarəti əslində Azərbaycan qurumları həyata keçirməlidir. Müvəqqəti olaraq sülhməramlılar bu prosesin təhlükəsizliyini təmin etsinlər. Bu baxımdan, təxribatların olmaması üçün sülhməramlıların prosesdə müvəqqəti rolunu görürəm. Amma əraziyə kimi buraxıb-buraxmamaqla bağlı qərarı Azərbaycanın müvafiq qurumları verməlidir”. 



Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb.
 
Rüfət Sultan