“Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə Azərbaycan Liberal Partiyasının lideri Lalə xanım Şövkət arasında görüş keçirildi”.
Bunu virtualaz.org-a açıqlamasında ALP sədri Əvəz Temirxan deyib. Onun sözlərinə görə, görüş iki hissədən ibarət olub: “İlk olaraq Cəmil Həsənli ilə Lalə Şövkətin təkbətək görüşü oldu. Görüşün ikinci hissəsində isə mən və ALP sədr müavinləri Vaqif Muradzadə və Eldar Muradov da görüşdə iştirak etdik. Görüşdə Cəmil Həsənli və Lalə Şövkət ölkədəki mövcud ictimai-siyasi durumu, seçki qabağı vəziyyəti, müxalifətin mövcud vəziyyətdə daha uğurlu addım atması üçün nə etməli olduqlarını müzakirə etdilər. Lalə Şövkət şəxsən Cəmil Həsənliyə çatdırdı ki, o, özü və ALP Milli Şuranın vahid namizədi olaraq onun namizədliyini dəstəkləyir”.
Əvəz Temirxan son zamanlar yaranan narazılıqların görüşün əsas müzakirə predmeti olmadığı bildirdi: “Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə vahid namizədi kimi haqlı olaraq narahatlığı var idi. Amma görüşdə bir partiya ilə Milli Şura tərkibində olan hər hansı bir partiya arasında yaranmış məsələ müzakirə predmeti olmadı. Biz Cəmil Həsənliyə verdiyimiz sözə sadiqik. Yəni indi Cəmil müəllimin namizədliyini müdafiə etməliyik və bütün enerjimizi onun təbliğatına yönəltməliyik. Biz ALP olaraq bizə qarşı olan təbliğatlara cavab verməmək haqda qərar vermişik. Ümid edirik ki, əks tərəfdə Cəmil müəllimə hörmət olaraq həmin addımı atmalıdır. Atmazsa, cəmiyyət özü nəticə çıxaracaq”.