Xəbər lenti

Dünya 16:40 09.07.2026

"Le Monde": Krım boşalır, yerli iqtisadiyyat məhv olur

Fransanın "Le Monde" qəzeti yazır ki, yay turizm mövsümünün qızğın çağında Rusiyanın nəzarətində olan Krım yarımadası Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları fonunda artan təzyiqlə üzləşib.

Qaynarinfo xəbər verir ki, nəşrin məlumatına görə, nəqliyyat, enerji və hərbi infrastruktura endirilən zərbələr elektrik və su təchizatında fasilələrə, yanacaq çatışmazlığına və iqtisadi vəziyyətin pisləşməsinə səbəb olub.

Məqalədə bildirilir ki, uzun illər əsas kurort kimi təqdim olunan yarımadada partlayışlar, hava həyəcan siqnalları, yanacaqdoldurma məntəqələrində növbələr və elektrik kəsintiləri gündəlik həyatın bir hissəsinə çevrilib. Sosial şəbəkələrdə yayılan videolarda bəzi yerli sakinlər vəziyyətdən narazılıqlarını ifadə edirlər.

"Le Monde"un yazdığına görə, yanacaq böhranı Ukraynanın zərbələrindən sonra Rusiyanın təyin etdiyi yerli administrasiyanın benzinin satışını yalnız kritik xidmətlərlə məhdudlaşdırmasından sonra daha da dərinləşib. Məqalədə qeyd olunur ki, bəzi sakinlər yanacağı Kerç körpüsü vasitəsilə Krasnodar diyarından gətirməyə çalışsalar da, Rusiyanın cənubunda da yanacaq qıtlığı yarandığından bu imkan məhdudlaşıb.

Nəşrin məlumatına əsasən, Rusiya yanacaq tədarükünü dəniz yolu ilə təşkil etməyə cəhd göstərsə də, bu məqsədlə istifadə olunan tankerlər də Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalıb.

Məqalədə həmçinin qeyd edilir ki, yüksək gərginlikli elektrik xətləri və yarımstansiyalara endirilən zərbələrdən sonra elektrik təchizatında ciddi problemlər yaranıb. Rusiyanın nəzarətində olan "Krımenerqo" şirkəti yarımadanın müxtəlif hissələrində genişmiqyaslı elektrik kəsintilərini təsdiqləyib. Bildirilir ki, müntəzəm enerji fasilələri sahibkarlara əlavə maliyyə yükü yaradır, generatorlardan istifadə isə yanacaq çatışmazlığı səbəbindən çətinləşir.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") qiymətləndirməsinə istinadən qeyd olunur ki, yanacaq, su və elektrik çatışmazlığı, eləcə də pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi davam edərsə, bu vəziyyət həm qısamüddətli, həm də uzunmüddətli demoqrafik nəticələrə səbəb ola bilər.

"Le Monde" yazır ki, uzun illər Krım iqtisadiyyatının əsas sahələrindən biri olan turizm sektoru ciddi geriləmə yaşayır. Rusiya turizm şirkətləri və hotel nümayəndələrinin məlumatına görə, turistlər yarımadaya səfərlərini kütləvi şəkildə ləğv edir, otellərin doluluq səviyyəsi isə əhəmiyyətli dərəcədə azalıb.

Nəşr həmçinin bildirir ki, Kerç şəhəri ilə hərbi obyektlər arasında əlaqəni təmin edən dəmir yolu körpülərinə endirilən son zərbələr Rusiyanın hərbi logistikasını da çətinləşdirir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->