ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasından sonra Litva prezidentinin müşaviri Maryus Çesnuleviçyus Vaşinqtonun qərarının gözlənilməz olmadığını və Avropanın buna cavab hazırladığını bildirib.
Qaynarinfo bu barədə LRT-yə istinadən xəbər
verir.
Litva prezidenti Gitanas Nausedanın milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri olan Çesnuleviçyus "Zinių Radijas” radiosuna verdiyi müsahibədə bunları deyib:
"Birincisi, bu, gözlənilməz bir addım deyil. ABŞ və prezident Donald Tramp əvvəllər hər iki tərəfə təzyiq göstərərək onları danışıqlar masasına əyləşdirməyə çalışacaqlarını bəyan etmişdi".
O bildirib ki, Trampın addımları elan etdiyi siyasətin davamıdır və bu mesaj Avropada qəbul edilib. Eyni zamanda, Avropa Şurasının bu həftə keçiriləcək sammitində məsələ müzakirəyə çıxarılacaq.
Çesnuleviçyusun sözlərinə görə, Avropa Rusiyanı mövcudluğuna təhlükə kimi qəbul edir və Ukraynanı dəstəkləmək üçün resurslarını birləşdirməkdə qərarlıdır:
"Avropanın heç nə etmədiyini düşünmək doğru deyil. Hazırda qapalı müzakirələr, hesablamalar və qərarlar həyata keçirilir. Məqsəd Ukraynanı daha da gücləndirmək və ilk növbədə iqtisadi baxımdan Rusiyanı zəiflətməkdir".
O qeyd edib ki, ABŞ-ın yardımın dayandırılması qərarının Ukrayna cəbhəsində hiss olunması üçün aylar lazım olacaq və Avropa bu müddət ərzində zəruri qərarları qəbul etməlidir:
"Bəlkə bu qərarlar bir gündə gəlməyəcək, amma biz artıq müzakirələrin başlanğıcında deyilik".
Xatırladaq ki, Tramp Ukrayna rəhbərliyinin "sülhə xoş niyyət nümayiş etdirdiyini" görməyənə qədər hərbi yardımı dayandırmaq barədə göstəriş verib. Bu qərar ABŞ-dan çıxaraq Ukrayna sərhədinə istiqamət alan silahları da əhatə edir.
Alpər
Şərhlər