
"N!DA olaraq hələlik prosesləri izləyirik"
Bunu Qaynar.info-ya açıqlamasında N!DA Vətədaş Hərəkatının üzvü Ülvi Həsənli Milli Şurada baş verənlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə həm Müsavat Partiyasının, həm də digər şəxslərin Milli Şuradan getməsi yaxşı hal deyil: "İstəməzdik ki, belə hallar yaşansın. Biz Milli Şuraya qoşulanda düşünürdük ki, seçkinin nəticəsindən asılı olmayaraq, bu birlik qalmalıdır. Çünki bu hakimiyyəti ancaq bu birlik yolu ilə silkələmək olardı. Yoxsa hansısa partiya ayrılır, kimlərsə istefa verir. Tək mübarizə aparmaqla dəyişikliyin olmasına, doğrusu, biz inanmırıq. Amma Milli Şuradan ayrılan insanların qərarlarına da hörmət edirəm".
Ulvi Həsənli N!DA Hərəkatı olaraq hələlik heç bir qərarlarının olmadıqlarını bildirib: "Siyasi partiyaların qərarlarını gözləyirik, bu istefalar hara qədər gedəcək, nələr olacaq və sarə. Amma bizim hələlik Milli Şuradan çıxmaqla bağlı bir qərarımız yoxdur. Milli Şuranın sədri Cəmil Həsənli ilə də görüşümüz olub. Bəzi məsələləri müzakirə etdik. Yaxın zamanlarda növbəti sessiya ilə bağlı görüş keçiriləcək, bu zaman yerdə qalan məsələlər aydınlaşacaq."
Xatırladaq ki, Müsavat Partiyası yanvarın 7-də Milli Şuradan istefa verərək çıxıb. Bundan sonra "EL" Hərəkatının üzvü Zəfər Quliyev və keçmiş daxili işlər naziri İsgəndər Həmidov da istefa verərək Milli Şuradan getdiklərini bildiriblər.
Elkin Xəlilov
Qaynar.info