Fransa Prezidenti Emmanuel Makron siyasi böhran fonunda Mişel Barnyenin hökumətinin istefasından sonra bildirib ki, istefa vermək niyyətində deyil.
Qaynarinfo "Le Figaro”ya istinadən xəbər verir ki, bu barədə o, 5 dekabr axşamı etdiyi müraciətdə bəyan
edib.
Makron hökumətin istefasında "nizam yaratmaq üçün deyil, dağıtmaq üçün” xaosu seçən ultra-sağ və ultra-sol qüvvələri günahlandırıb.
"Bu deputatlar hökumətə etimadsızlıq göstərilməsini niyə seçdi? Çünki onlar prezident seçkiləri haqqında düşünürlər”, – o əlavə edib.
Eyni zamanda, Fransa dövlət başçısı istefa çağırışlarını rədd edərək, ona həvalə edilmiş beşillik mandatı "sonadək tam şəkildə yerinə yetirəcəyini” vurğulayıb:
"Mənim borcum dövləti davamlılığı, institutlarımızın düzgün işləməsini, ölkəmizin müstəqilliyini və hamınızı qorumağı təmin etməkdir”.
O, həmçinin prezidentlik müddətinin qalan 30 ayı ərzində "Fransanı daha güclü və ədalətli ölkəyə çevirmək üçün fəaliyyət göstərəcəyini” vəd edib.
Makron daha əvvəl də istefa vermək fikrində olmadığını və 2027-ci ildə başa çatacaq prezidentlik müddətinin sonunadək vəzifədə qalacağını bəyan etmişdi. Bununla yanaşı, fransızların əksəriyyəti Fransa prezidentinin də istefa verməsini və planlaşdırılmış seçkilərin tarixinin 2025-ci ilə çəkilməsini istəyir.
Xatırladaq ki, 4 dekabr axşamı Milli Assambleya Baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq göstərilməsinə səs verib. Bu, 1962-ci ildən bəri ilk dəfə hökumətin istefasına səbəb olub.
Barnyenin hökuməti 90 gün fəaliyyət göstərərək, 1958-ci ildən mövcud olan Beşinci Respublika tarixinə ən qısa müddətli hökumət kimi düşüb.
Alpər
Şərhlər