Xəbər lenti

Makronun təşəbbüsüylə İlham Əliyevə zəng: Fransız lider nə istəyir? - Politoloq
Siyasət09:15 06.08.2021

Makronun təşəbbüsüylə İlham Əliyevə zəng: Fransız lider nə istəyir? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Makron bu zənglə Azərbaycanla Ermənistan arasında əvvəlki dövrdən fərqli olaraq guya balanslaşdırılmış siyasət yürütdüyü görüntüsünü yaratmaq istəyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Fransa Prezidenti Emmanuel Makronun öz təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışmasına münasibət bildirərkən deyib. Politoloq bildirib ki, Azərbaycan tərəfinin Kəlbəcər istiqamətində sərhədi qorumaq üçün atdığı adekvat addımlar Fransa Prezidentini narahat edib:
"Fransa Prezidenti Makron ilk əvvəl Ermənistan baş naziri ilə telefonla danışıb. Bu danışıq gedişində Fransa bir daha öz ampluasına sadiq qalaraq Ermənistana öz dəstəyini ifadə edib. Bu fonda Makronun Azərbaycan Prezidentinə zəngi isə Parisin əvvəlki siyasətinə nisbətən balanslaşdırılmış siyasət yürütdüyü görüntüsü yaratmaq məqsədi daşıyır. Amma buna baxmayaraq, Parisin Ermənistana göstərdiyi xüsusi dəstək hamıya məlumdur. Azərbaycan Prezidentilə Makron arasında telefon danışığında ikitərəfli münasibətlər, əlaqələr müzakirə edilsə də, burada Fransanın qaldırmaq istədiyi əsas məsələ dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi və Ermənistanın irəli sürdüyü şərtlərdir. Düşünürəm ki, Kəlbəcər istiqamətində baş verən son insidentlər və Azərbaycan tərəfinin sərhədi qorumaq üçün atdığı adekvat addımlar Makronda müəyyən narahatlıq doğurub”. 
Həmsöhbətimizin fikrincə, Makron insident yaranan sərhəd zonasında monitorinq qrupunun yaradılmasını istəyir: 
"Telefon söhbətində sərhədlərin delimitasiyası və demarkasiyası prosesi zamanı monitorinq qrupunun burada yerləşdirilməsi, Azərbaycan Ordusunun sərhəddəki həmin ərazidən bir qədər geri çəkilməsi kimi məsələlərin müzakirə edildiyini istisna etmirəm”. 
Politoloq bütün hallarda Makronun bu zəngindən müsbət nəticə gözləmir: 
"Makronun bu addımı heç də o demək deyil ki, Fransa sözügedən məsələdə bundan sonra ədalətli mövqe sərgiləməyə başlayacaq. Paris Qarabağın statusu məsələsini gündəmə gətirmək niyyətindən əl çəkənə oxşamır. Makronun Bakıya etdiyi bu zəngin müsbət nəticəsi olmayacaq. Azərbaycan Fransa-Ermənistan tandeminin hansı mövqe sərgiləməsindən asılı olmayaraq özünün prinsipial addımlarını atmaqda davam edəcək. Paris və İrəvandan gələn təxribatlara adekvat cavab verəcək. Fikrimcə, Azərbaycan tərəfi bunları Makronun da diqqətinə çatdırıb”.
Rüfət Sultan