Xəbər lenti

Məlum və naməlum Hillari - Hüseynbala Səlimov yazır
Hüseynbala Səlimov
Siyasət07:48 26.10.2016

Məlum və naməlum Hillari - Hüseynbala Səlimov yazır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov

HAMIYA ELƏ GƏLİR Kİ, CAVABI BİLİR...

ABŞ-ın prezidenti kim olacaq? Əslində heç çox da qalmayıb. İki həftədən sonra bu sualın dəqiq cavabını biləcəyik. Amma seçki günü yaxınlaşdıqca insanların buna marağı da artır və hamı bu sualın cavabını irəlicədən bilmək istəyir, özü də lap dəqiqliyilə...
Hərçənd ki, çoxu bu qənaətdədir ki, artıq cavabı bilir. Ona görə ki, bəzən hansısa hadisə ona görə baş vermir ki, o, sadəcə, baş verə bilməz...
Dəqiq elmlərdə bu, daha aydındır. Ona görə ki, bu elmlərə görə təbiətdə elə hadisələr baş verə bilər ki, onlar obyektiv qanunlar deyilən prinsiplərlə qadağan olunmasın...

Buna alışmaq bir az çətin olsa da, sosialist sisteminin çökməsilə bizim cəmiyyət haqqındakı təsəvvürlərimiz də çökdü. İndi hamı K.Popperin ardınca deyir ki, təbiətdən fərqli olaraq cəmiyyətin fundamental və ya obyektiv qanunları yoxdur, prinsipcə, hər şey baş verə bilər, yetər ki, bu istəkdə bulunanların sayı və qətiyyəti çox olsun...

Amma yenə də insanlar daha çox ona meyllidir ki, obyektiv qanunlar olmasa da, hər halda siyasi və ictimai proseslərdə də müəyyən qanunauyğunluq, hətta determinizm olur. Hərçənd, bir daha deyirik ki, kvant mexanikasının yaranması ilə təbiətdə, K.Popperin peyda olması ilə isə cəmiyyətin həyatında determinizmə yox deyildi...

Fəqət, yenə də deyirik ki, insanlar belə düşünür ki, proseslər proqnozlaşdırıla bilinəndə onları yaşamaq daha asan olur. Bu aspektdən yanaşanda hamı belə hesab edir ki, D.Tramp ona görə ABŞ–ın prezidenti ola bilməz ki, bu, sadəcə, mümkün deyil. Elə seçkilər də bu yöndən maraq kəsb edir. Nə üstünlük təşkil edəcək? Seçicilərin cari maraqları, yoxsa ABŞ dövlətinin əbədi maraqları?..

Bax, yerdə qalan iki həftənin də əsas sualı elə budur. Elə biz də vaxtı bir qədər qabaqlayaraq bir daha bu suala cavab verməyə çalışacağıq... 


NİYƏ GÖRƏ TRAMP YOX, HİLLARİ?..


Doğrusu, bu sualla Rusiya saytlarından birində rastlaşmışdım. Onlar məsələ ilə bağlı öz mülahizələrini – bugünkü Rusyanın spesifikasına uyğun fikirlərini yazmışdılar ki, bunun da detallarına varmağın mənası yoxdur, çünki rus mediasındakı isterika ilə oxucuları yükləmək istəmirik. Amma nə gizlədim, mövzu mənə maraqlı göründü və qərara gəldim ki, mən də öz qənaətlərimi yazım...
 
Qərəz, bir daha deyirik ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasındakı çəkişmə də özünün lap pik həddinə çatdı – sadə amerikalı seçici Klintonun və yaxud da ki, Trampın həyatının, hətta özəl həyatının təfərrüatlarına, ən xırda detalallına belə baş vurmaq imkanı qazandı...

Baxıb görürsən ki, kimlərdəsə bunlar həsəd, kimlərdəsə isə bir təlaş yaratdı. Kimsə yanıb töküldü ki, axı belə bir demokratiya buralarda niyə yoxdur?

Kimsə də avtoritar sistemə və onun yasaqlarına şükr etməyə çağırdı ki, bütün bu biabırçılıqlar nə yaxşı ki, bizim ölkəmizdə deyil, haradasa çox – çox uzaqlarda, okeanın o biri tərəfində baş verir...

Amma mənə elə gəlir ki, demokratiyanın gözəlliyi də elə məhz bundadır – şübhəli, qaranlıq nöqtələr qalmır, insanlar onları idarə etmək istəyənlər haqqında hər şeyi, yaxşını da, pisi də bilməyə çalışır və bilirlər də... 

Həm də burada bizim çox maraqlı filmlərimizdən birindən – “Dərviş Parisi partladır” filmindən olduqca düşündürücü bir detal yadıma düşür.
Avropalıların və müsəlmanların həyat tərzini müqayisə edən film qəhrəmanı Hatəmxan ağa deyirdi ki, o şeylər ki, bizdə gizli olur, onlarda bir qayda olaraq aşkarda baş verir. Bəli, ilk baxışda sadəlövh görünə biləcək bu fikirdə həm çox incə yumor və həm də sərrast yanaşma ifadə olunub...
O ki qaldı ABŞ-dakı seçkilərin başqa təfərrüatlarına, onlar haqqında da çox yazılır, çox deyilir. Bizdə əslində öz seçkilərimiz haqqında danışmaq çətindir və heç kim bu haqda danışmağı sevmir, çünki qan qaraldır... 

Ona görə ki,  bizim seçki qutularımızı lap “qara dəliklər” kimi “qara qutular” adlandırsalar daha yaxşı olar.  Amma şükr ki, Amerika seçkiləri haqqında hansı təfərrüatı desən, bilmək olur...

Doğrusu, ABŞ-ın tarixində ikinci belə seçki xatırlamıram. İş o yerə çatıb ki, hətta nüfuzlu respublikaçılar belə D.Trampa opponentlik etməyə və onun Ağ Evə yolunu əngəlləməyə çalışırlar. Düzü, respublikaçılar elə lap əvvəldən ona mane olmağa cəhd edirdilər, amma bacarmadılar...
İndi əksəriyyət belə hesab edir ki, seçkilərin qalibi Klinton olacaq. Bunun baş verməsi üçün mümkün nə varsa, edilir. Amma orta statistik amerikalı seçici Trampı da yalqız buraxmır. Sadəcə, D.Tramp elə qələtlər edir ki, bunlar ABŞ prezidentliyinə namizəd üçün yolverilməzdir...
Bir az əvvəldə dedik ki, iş o yerə çatıb ki, hətta respublikaçılar da çıxış yolunu Klintonun qalib gəlməsində görürlər. Hətta buna görə Klintonun indiyə qədər etdiyi bir çox yanlışlıqlara, kobud səhvlərə və sağlamlıq durumu ilə bağlı problemlərə belə göz yumurlar. Eləcə də bir faktı da unutmağa çalışırlar ki, Klintonların ABŞ siyasətinə təsir etmək üçün çox imkanları olub. Ona görə də xanım Klintonun seçiciləcəyi təqdirdə ifrat yeni şey gözlməyə dəyməz...

Bəli, bütün məntiq deyir ki, qalib Klinton olacaq. Amma bu, siyasətdir, üstəlik, demokratik siyasətdir. Hər şey ola bilər. Bir neçə dəfə yazmışdıq ki, Trampın qələbəsi ABŞ siyasətində personallıqla institutisionallığın real sərhədlərini aşkarlaya bilərdi.

ABŞ siyasəti institutisional məzmun kəsb edirsə, bu və ya digər namizəddən, hətta seçicilərin “şıltaq”lığından asılı olmadan bir ABŞ maraqları deyilən anlayışlar varsa, o halda prezident Tramp deyil, məhz ilk qadın ABŞ prezidenti kimi tarixə düşməyə hazırlaşan Klinton olacaq...

Artıq Mosulda da hərbi əməliyyatlar gedir. Təbii, bu da ABŞ hakimiyyətinin, daha doğrusu, demokratların seçkiyə hesablanmış bir addımıdır.

Amma Trampın pasifist şüarlarına dəstək verən amerikalı seçicilərin buna reaksiyası necə olacaq? Onlar Trampın arxasında “daha sıx birləşməyəcəklərmi”? Bunun baş verməməsi üçün isə B.Obama hakimiyyətinə Mosulda sürətli və təsirli qələbə lazımdır. Fəqət, belə düşünürük ki, seçklərə qədər çətin ki, bu alınsın, çünki vəziyyət olduqca qəlizdir – Suriyada yenə də hamı biri-birilə vuruşur...

Xülasə, Mosulda nə alınmasından asılı olmayaraq noyabrın birinci on günlüyünə bir o qədər də çox qalmayıb, bir də gözümüzü açıb görəcəyik ki, seçkilərdir...
 

Bir daha deyirəm ki, elə bəndəniz də hesab edir ki, prezident Klinton olacaq və Ağ Ev daha bir müddət yenə də demokratların sərəncamında qalacaq. Amma mənə elə gəlir ki, amerikalı siyasətçilər Trampı dəstəkləyənləri də unutmamalıdırlar. Onlar da cəmiyyətin bir kəsimidir və bu kəsimin necə düşünməsi, nə deməsi heç də az əhəmiyyət kəsb etmir...


BÖYÜK ÜMİDLƏR BÖYÜK MƏYUSLUQ DA GƏTİRƏ BİLİR...


O ki qaldı H.Klintonun prezidentliyinə, bir daha deyirəm ki, heç də böyük dəyişikliklər gözləmirəm. Xanım Klintonun ABŞ-ın kürd yaraqlılarını dəstəkləyəcəyini və onları silahlandıcağını deməsi məndə narahatlığı bir az da artırdı. Di gəl, yenə də məntiqə üz tuturam. Ümid edək ki, H.Klinton prezident seçiləndən sonra onun ABŞ-ın əsl geosiyasi maraqları haqqındakı təsəvvürü daha çox cilalanacaq...

Biz gəldikdə isə, burada konkret söz demək çətindir. Qarabağla bağlı C.Kerrinin son açıqlaması əslində heç də bir siyasətçinin baxışını ifadə etmir və daha çox ABŞ hakimiyyətinin mövqeyi kimi dəyərləndirilməyə iddialı görünürdü. Düzdür, Azərbaycanda hələ də ümid edirlər ki, o,  ABŞ hakimiyətinin mövqeyini ifadə etmirdi.

Nə bilmək olar? Hər halda, C.Kerri bunu böyük siyasətlə vidalaşmaq ərəfəsində demişdi və ümid edək ki, yeni kabinet onun dediklərinə ciddi korrektələr eədəcək. Amma bunun üçün bir az gözləmək lazım gələcək. 

Burada daha bir məsələni də qeyd etmək istərdim. Baltik ölkələrinin yaxınlığında rus hərbi qüvvələri az qala bir hərbi şəhərcikdən digərinə doğru hərəkət edəndə Avropa da, ABŞ da hay-küy qoparır ki, bəs qoymayın, ruslar Baltik ölkələrinə təcavüz etmək istəyir! Hətta yadıma gəlir ki, bir dəfə həmin “İsgəndər” raketləri Kalininqradda görünmüşdü. Avropada elə hay – küy qopdu ki, gəl, görəsən!..

İndi “İsgəndər”lər Qafqazda da nümayiş etdirildi, hətta Yerevanın küçələrinə çıxarıldı. Nəsə dedimi Avropa? Nəsə dedimi ABŞ? Təəssüf ki, heç nə deyilmədi...

Sözsüz, burada bir amilin də rolu var. Onu bir daha təkrarlamaq zorundayıq. Məsələ bundadır ki, adam əvvəl özü hay-küy qaldırmalıdır ki, kimsə onun harayına səs versin.

Baltikyanı ölkələr ilk növbədə özləri hay-küy qaldırır. Onlar NATO-nun sammitlərində, toplantılarında daim Rusiya təhlükəsi haqda danışırlar. Bəs biz nə deyirik? Deyirik ki, Rusiya dostumuz və strateji müttəfiqimizdir. Bunun müqabilində Qərb durub nə etsin? Desin ki, ay aman, qoymayın, bəs dost dosta təcavüz edir?!..

Üstəlik, bir daha belə bir detalı da qeyd etmək zorundayıq ki, elə əvvəllər də ABŞ-ın və Avropanın daha çox diqqət ayırdığı Baltik ölkələri indi bir azca da irəli gediblər, NATO üzvləri olublar. Bu isə o deməkdir ki, onlar Avropa təhlükəsizlik arxitekturasının bir mühüm elementidirlər. Qafqaz bölgəsinə gəldikdə isə NATO rəhbərləri açıq şəkildə deyir ki, hələ buralar onların maraq dairəsinə aid deyil...  

Bu səbəbdən də Qarabağ problemində H.Klintonun hakimiyyətə gəlişilə bağlı hər hansı dəyişikliyin baş verəcəyinə qətiyyən ümid etmirəm– qoy, bu, mənim şəxsi qənaətim olsun... 

Ən azı ona görə ki, o, dövlət katibi olarkən Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalanma mərasimində peyda olmuşdu. Xanım Klintonun gözləri elə bil alışıb-yanırdı, sifətində qeyri – adi bir sevinc və şadyanalıq vardı. Sanki xanım dövlət katibi o gün həyatının ən böyük təntənəsini yaşayırdı, çünki erməni əsilli ABŞ seçicilərini artıq öz düşərgəsində hiss edirdi...

Düzdür, onun seçki ritorikasından belə hiss olunur ki, Hillarinin hakimiyyəti dövründə Rusiya üçün də asan olmayacaq. O, Rusiya ilə, onun prezidentilə bağlı kifaəyət qədər kəskin sözlər işlədib, hətta V.Putini “Rusiya diktatoru” adlandırıb.

Amma iki dövlət arasında münasibətlər nə qədər gərgin olsa da ABŞ durub Rusiya ilə vuruşmayacaq. Nə Qarabağa, nə də Ukraynaya görə! Ola bilsin, sanksiyalar bir az da sərt xarakter alacaq, münasibətlər daha da soyuyacaq, amma bundan o yana getməyəcək...

Həm də Azərbaycan hakimiyyətinin özü də  Rusiya ilə münasibətlərin soyumasına hazır deyil və bunu istəmir də, çünki hakimiyyətin Qarabağdan başqa, bir qədər özəl maraqları da var ki, onların üstündən xətt çəkə bilməz...

Elə bu səbəbdən ifrat böyük ümidlərə köklənməyə dəyməz, ən azı ona görə ki, onların ardınca böyük məyusluq da gələ bilər...

Qaynarinfo.Az