Dünən axşam yayılan xəbər, sözün əsl mənasında Hollivudu yasa boğub. Uşaqlıqdan kameraların önündə olan və həm həmkarları, həm də pərəstişkarları tərəfindən çox sevilən məşhur aktrisa cəmi 39 yaşında həyatını itirib.
Qaynarinfo xəbər verir ki, "Buffy the Vampire Slayer" və "Gossip Girl" kimi əfsanəvi seriallarla yanaşı, bir çox filmdə rol almış Mişel Traxtenberqin cansız bədəninin anası tərəfindən evində tapıldığı bildirilib.
Qaraciyər köçürülmüşdü…
39 yaşında dünyasını dəyişən ulduz bir neçə ay əvvəl qaraciyər transplantasiyası keçirmiş və həyatının son dövrlərini xəstəliklə mübarizə apararaq yaşamalı olmuşdu.
Rəsmi ölüm səbəbi hələ dəqiqləşməsə də, Mişel Traxtenberqin ölümünün şübhəli olmadığı və onun infarkt keçirdiyi qeyd edilib.
Qaraciyər transplantasiyası zamanı onu xəstəxanada tək qoymayan yaxın dostu Amanda de Kadenet aktrisanın əməliyyatla həyata tutunmağa çalışdığını, lakin ölüm ehtimalının yüksək olduğunu bildiyini söyləyib.
Ölüm ehtimalı var idi və o, bunu bilirdi
"Instagram"da Traxtenberq haqqında duyğusal paylaşım edən dostu yazıb: "Səni həmişə bu fotodakı gülən üzünlə xatırlayacağam. Son 6 ayda etdiyimiz söhbətlərin təfərrüatlarını paylaşmayacağam, amma sən ölüm ehtimalının yüksək olduğunu bilirdin və nəticənin daha yaxşı olmamasına görə kədərlənirəm".
Məlumata görə, Traxtenberq ötən il qaraciyər transplantasiyası əməliyyatı keçirmişdi. Məşhur aktrisanın yaxınları onun ölümündən əvvəlki günlərdə həm fiziki, həm də psixoloji baxımdan ağır günlər yaşadığını bildiriblər.
Xəstəliyi səbəbindən dəyişən görünüşünü gizlətmirdi, amma…
Mişel Traxtenberq yaxın dostlarına sağlamlıq problemlərini açıq şəkildə danışır, xəstəliklə necə mübarizə apardığını gizlətmirdi. Buna baxmayaraq, bəzi sosial media istifadəçiləri onun xəstəlik səbəbilə dəyişən görünüşünə qarşı amansız rəylər yazıb.
Qaraciyər çatışmazlığından əziyyət çəkən məşhur aktrisa, xəstəliyin üz cizgilərinə təsiri barədə məlumatsız olan bəzi şəxslər tərəfindən uğursuz plastik əməliyyat etdirməkdə və ya narkotik aludəçisi olmaqda günahlandırılmışdı.
Sosial mediada yazılan amansız şərhlərə etiraz etmişdi
Artıq ciddi bir xəstəliklə mübarizə apararkən bu cür şərhlərlə üzləşən Traxtenberq bu vəziyyətdən dərin kədər hissi keçirmişdi. Bəzi pərəstişkarları ilə sosial mediada yazışan aktrisa onlara "Artıq 14 yaşında deyiləm, təqvimə baxmağı unutmusunuz?” deyə etiraz etmişdi.
Sonunda bu şərhlərdən yorulan Traxtenberq 2024-cü ilin yanvarında bir selfi paylaşaraq "Son vaxtlar görünüşümlə bağlı bəzi şərhlər almışam. Heç vaxt plastik əməliyyat etdirməmişəm, xoşbəxt və sağlamam. Özünüzü yoxlayın, nifrət dolu insanlar” yazmışdı.
Onun ölüm xəbərinin yayılmasının ardından "Gossip Girl" serialındakı tərəf müqabilləri Bleyk Layvli, Çeys Krouford, Ed Vestvik və Kim Katral da daxil olmaqla bir çox məşhur sima dərin kədər hissi keçirdiklərini ifadə edən paylaşımlar ediblər.
İlk dəfə 3 yaşında kamera qarşısına keçmişdi
Mişel Traxtenberq hələ 3 yaşında reklam çarxlarında oynamağa başlamış, 9 yaşında rol aldığı bir serial sayəsində uşaq ulduz kimi tanınmışdı.
Sonrakı illərdə "Buffy the Vampire Slayer" və "Gossip Girl" kimi dövrünün ən populyar iki televiziya serialında rol alan aktrisa, bir çox gənclik filmində də baş rol ifaçısı olmuş və gənc yaşında uğurlu bir karyera qurmuşdu.
Aydın
Şərhlər