Türkiyədə Azərbaycanlı rəssam Sakit Məmmədovun "Opalizm" adlı sərgisinin açılışı baş tutub.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, "SOCAR Türkiyə"nin dəstəyi ilə keçirilən sərginin açılış mərasimi "Mimar Sinan Güzel Sanatlar Üniversitesi Tophane-i Amire Kültür ve Sanat Merkezi"ndə reallaşıb. Tədbirdə rəssamın əsərlərinin nümayişi ilə yanaşı yaradıcılığından bəhs edən kitab da təqdim edilib. Jurnalistlərə açıqlama verən S.Məmmədov sərgidə 30 il ərzində çəkdiyi 160-dan çox əsərin nümayiş edildiyini deyib. O, türk rəssamlardan Burhan Uyguru bəyəndiyini dilə gətirib.
"Opalizm sərgisi" S.Məmmədovun Türkiyədə bu günə qədər təşkil edilən ən böyük sərgisidir. Əsərlərin nümayişi 5 oktyabra qədər davam edəcək.
Qeyd edək ki, Sakit Məmmədov "Opalizm" tərzinin yaradıcısı hesab edilir. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə tanınır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar ki, bütün yaradıcılıq nümunələrində rast gəlinir. 61 yaşlı rəssam Azərbaycanın Xaq Rəssamı (2018), UNESCO Rəssamlar İttifaqının üzvü, professordur (2018).
S.Məmmədovun əsərləri Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər ölkələrində nümayiş olunur. Sənətkar "Rusiya İmperator Rəssamlıq akademiyasının akademiki və medalı", "Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü", "Xidmətlərə görə İmperator I Aleksandr ordeni", "Almaniya Akademiyasının professoru", "Dünya Rəssamlıq Akademiyasının medalı", "Avropanın Şərəf ordeni", "Mozart Medalı", "Leanardo Da Vinci Medalı", "Azərbaycanın Xalq rəssamı", "Azərbaycanın əməkdar rəssamı", "Vətən Övladı ordeni" və bir çox mükafat və titullara layiq görülüb.
Gülşən