“Mən silah qaldırmağa və erməniləri məhv etmək lazım olduğu barədə iddialara qətiyyətlə qarşıyam”
Milli Şuranın prezidentliyə vahid namizədi, məşhur kinorejissor Rüstəm İbrahimbəyov erməniləri silahla hədələməyin əleyhinədir. “Mən silah qaldırmağa və erməniləri məhv etmək lazım olduğu barədə iddialara qətiyyətlə qarşıyam” - deyə İbrahimbəyov Gürcüstanın “Georgian Times” qəzetinə müsahibəsində bildirib.
Virtualaz.org-un xəbərinə görə, bununla belə rejissor əlavə edib ki, ermənilər və Ermənistan hakimiyyəti son iki onillik ərzində Azərbaycana qarşı hərbi təcavüz həyata keçiriblər. İbrahimbəyov qeyd edib ki, münaqişəyə baxmayaraq ermənilərin azərbaycanlılara, azərbaycanlıların ermənilərə qarşı qoyulmasına qarşıdır.
“XXI əsrdə münaqişələri silahla həll etmək mümkün deyil. Digər tərəfdən, mən hesab edirəm ki, Azərbaycan və Ermənistan hökumətlərinə indiki situasiya çox sərf edir. Onlar münaqişənin həllinə çalışdıqları barədə imitasiya yaradır. Digər tərəfdən, münaqişə hər iki tərəfdən nəzarətsiz gəlirlər əldə etmək üçün mənbədir” - deyə o bildirib.
R.İbrahimbəyovun sözlərinə görə, əgər Azərbaycanda demokratiya qurulsa, korrupsiya olmasa, Qarabağda ermənilər və azərbaycanlılar üçün bərabər hüquqlar təmin olunsa, o zaman ermənilər ağıllı və praqmatik xalq kimi görəcəklər ki, Azərbaycanın tərkibində yaşamaq daha yaxşıdır.
İbrahimbəyov prezident seçkiləri barədə də danışıb. Deyib ki, Moskvada yaşayan zəngin azərbaycanlılar (İbrahimbəyovun özünün də üzv olduğu “Milyarderlər ittifaqı” nəzərdə tutulur-red.) Azərbaycan hakimiyyəti ilə münasibətlərini korlamaq istəmirlər və ona görə də nəinki müxalifətə dəstək vermirlər, üstəlik onun özü ilə də təmasları kəsiblər. Bununla belə İbrahimbəyov əlavə edib ki, Türkiyə ona kifayət qədər dəstək verir: “Türkiyəyə gəldikdə mən bu ölkədə kifayət qədər populyar adamam, mən orada mükafatlar və prizlər almışam. Mənim populyarlığım həm də onunla bağlıdır ki, Fransada “erməni soyqırımının” inkarına görə cəzanı nəzərdə tutan qanun müzakirəyə çıxarılanda bu ölkənin dövlət mükafatından - “Fəxri Legion” ordenindən imtina etmişəm. 1915-ci il hadisələri ilə bağlı erməni və türk xalqlarına öz hisslərimi ifadə edirəm. Hesab edirəm ki, bu, faciləli hadisələrdir. “Soyqırımı” termini isə hələ müzakirə olunur, məşhur Şarl Aznavur da bu termini düzgün hesab etmir”. Qaynar.info