“Dağlıq Qarabağ münaqişəsi həm münaqişə tərəflərinin, həm də bütün regionun inkişafına maneə yaradır. Cənubi Qafqaz Avropanın böhranlı regionudur”.
APA-nın məlumatına görə, bu sözləri Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini deyib.
Onun sözlərinə görə, Avropa, Asiya və Yaxın Şərqin qovşağında yerləşən Cənubi Qafqaz regionu böyük inkişaf potensialı olmaqla yanaşı, qeyri-stabillik və müharibə mənbəyidir: “Geniş miqyası münaqişə heç kimin maraqlarına xidmət etmir, və yaxşı nəticələrə aparıb çıxarmayacaq. Son günlər baş vermiş gərginlik barədə, ağır döyüş silahlarından istifadə və mülki vətəndaşlar arasında itkilərin olması barədə məlumatımız var. Bakıda və İrəvandakı bəyanatlar da açıq aydın göstərir ki, vəziyyət təhlükəlidir”.
“Aprel ayının 2-si mən tərəfləri dərhal atəşkəs rejiminə əməl etməyə, təmkin nümayiş etdirməyə çağırdım. Mən şəxsən özüm hər iki ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda konstruktiv danışıqlar aparmışam. Və yaxın günlərdə, yaxın həftələrdə yenə əlaqə saxlayacam və bizim xüsusi nümayəndəmiz bu həftə regiona səfər edəcək. Vəziyyətin gərginləşməsi bir daha açıq-aydın göstərir ki, münaqişənin hərbi yolla həlli yoxdur. Xüsusən də dinc əhalinin hədəfə alınması dayandırılmalıdır. Biz status-kvonu saxlaya bilmərik. Lazım olan yol siyasi həldir və bizim niyyətimiz tərəflər arasında danışıqları bərpa etməkdir. Avropa İttifaqı münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təklif edilən Madrid prinsipləri əsasında həll olunmasını dəstəkləyir. Nəticə etibarilə, bilirik ki, həll münaqişə tərəflərinin əlindədir. Avropa İttifaqı münaqişənin həlli istiqamətində bütün addımları dəstəkləyir”, - deyə Mogerini qeyd edib.
Qaynar.info