Dünya 15:00 25.05.2023

“Moskva  blef edir, amma...” - Politoloq

"Moskva blef edir. Medvedevin bəyanatı hədə-qorxu gəlməyə hesablanmış addımdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin növbəti dəfə Qərbi nüvə silahına əl atmaqla hədələməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, hazırda Rusiya çıxılmaz vəziyyətdədir:



"Medvedyev dəfələrlə nüvə hədəsilə Qərbi qorxutmağa çalışıb. Hazırda Rusiya çıxılmaz vəziyyətdədir. Moskva Ukrayna müharibəsini çoxdan siyasi cəhətdən uduzub, indi isə onun hərbi cəhətdən məğlubiyyəti də gündəmə gəlir. Müharibə uzandıqca Rusiyanın itkiləri artır, ölkı iqtisadi cəhətdən çökür. Bu da istər-istəməz Putinin ətrafını narahat edir. 

Medvedyevin bu hədələrinin heç bir əsası yoxdur. Bu hədə o demək deyil ki, Rusiya Ukraynaya qarşı müharibədə nüvə silahından da istifadə edəcək. İstifadə etmək istəyə bilər. Amma müharibə hələlik elə bir şiddətə çatmayıb ki, Kreml nüvə arsenalından da yararlansın. Rusiya Ukraynanın hansı ərazisinə nüvə silahı atsa, bundan birmənalı şəkildə Krım, Donetsk də ziyan görəcək. Ona görə də, Rusiyanın nüvə silahına əl atacağı mümkünsüzdür. Çernobıl qəzasının ağır nəticələri vaxtilə tək Ukraynada deyil, Rusiyanın çoxsaylı sərhəd ərazilərində də özünü göstərib. Moskva indi nüvə başlığından istifadə etsə, Ukrayna ilə yanaşı, Rusiyanın özü də ondan əziyyət çəkəcək”. 

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev növbəti dəfə Qərbi Ukraynaya daha güclü silahlar verdiyinə görə ittiham edərək, nüvə silahı ilə hədələyib. O bildirib  ki, Kiyevə nə qədər çox dağıdıcı silahlar verilsə, nüvə apokalipsisi senarisi ehtimalı bir o qədər çox olacaq. 
 
Rüfət Sultan