Siyasət 09:30 18.08.2022

MSK-da struktur dəyişikliyi nəyə hesablanıb? - Ekspert

Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib.Qərara əsasən, MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin adının dəyişdirilərək Media və kommunikasiya şöbəsi adlanıb. Bundan əlavə, siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb, insan resursları sektoru yaradılıb. 

MSK-dakı yeni struktur dəyişikliyi nəyə hesablanıb? Mövzu ilə bağlı Qaynarinfo-ya danışan MSK katibi Mikayıl Rəhimov bildirir ki, yaradılan siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin məqsədi partiyalar və ictimai təşkilatlarla əlaqələri genişlənidrməkdən ibarətdir:"Siyasi partiyalar və ictimai təsisatlarla iş şöbəsi yaradılıb.
 
Əlavə ştat vahidimiz olmadığından, daxili idarəetmədə başqa şöbələrdən ayrı-ayrı kadrları bura yerləşdirmək imkanı yarandı. Sözügedən şöbənin yaradılması siyasi partiyalar və ictimaiyyətlə əlaqələri genişləndirmək məqsədi daşıyır. Bu sahədə günün çağırışlarına cavab verən addımı atmışıq. Siyasi partiyalar maliyyə fəaliyyətlərilə bağlı ildə bir dəfə MSK-ya hesabat verir. Onunla bir bölmə məşğul olurdusa, indi yaradılan şöbənin tərkibində iki bölmə yaradılır. Bu siyasi partiyalarla yanaşı, ictimai təsisatlarla da işləyən şöbə olacaq. Əsas hədəfimiz siyasi partiya və ictimai təsisatlarla maarifləndirmə işlərini gücləndirmək, əlaqələri artırmaq, partiyaların seçkilərdə iştirakını yaxşılaşdırmaq üçün əlavə köməklik göstərməkdən ibarətdir”. 

İnsan resursları sektoruna gəldikdə, MSK katibi qeyd edir ki, müasir kommunikasiyaların iş prosesinə cəlbi, elektron hökumət məsələlərilə bağlı prosesin sürətləndirilməsi baxımından müasir dövrün çağırışlarına cavab verən belə bir strukturun yaradılmasını da gərəkli hesab ediblər:"Əmək kitabçaları yığışdırılır. Elektron versiyaya keçirik. Onlarla işləmək üçün də uyğun struktura  ehtiyac yaranıb”. 

Həmsöhbətimiz qeyd edir ki, gələcəkdə ehtiyac yaranarsa, MSK-nın idarəçiliyində dövrün tələblərinə adekvat digər sektor və şöbələr də yaradıla bilər:"İdarəçilik dinamik prosesdir. Dinamika uyğun başqa yeniliklər də tətbiq oluna bilər”.

Rüfət Sultan