Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. O qeyd edib ki, həmin dairədən deputatlığa namizəd Samirə Rəfullayeva müraciətində məntəqələrdə pozuntuların olduğunu bildirib.
S.Rəfullayeva dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb edib.
MSK-nın iclasında qərara alınıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 1, 12, 14, 16 və 18-ci məntəqələrində nəticələr etibarsız hesab edilsin.
Qeyd edək ki, həmin dairənin lider namizədi Sevinc Fətəliyevadır.
16.34
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.
Qaynarinfo xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.
16:10
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
Qaynarinfo xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.
MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.