
"Rəsul Quliyevin səhvləri ucbatından həbs olunmuş insanlar hələ də həbsdən çıxmayıblar"
Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı “Reytinq” qəzetinə müsahibəsində bir sıra ittihamlar səsləndirib:
“Rəsul Quliyev son aylar ərzində, xüsusilə də Isa Qəmbərin prezidentliyə namizədliyi irəli sürüldükdən sonra dəfələrlə Müsavat partiyasının və Isa Qəmbərin ünvanına heç indiki yaşına uyğun olmayan fikirlər səsləndirib, bir çox yalnışlıqlara yol vermişdi. Nəhayət, biz ötən həftə ona cavab vermək məcburiyyətində qaldıq. Əslində, bizim Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olan siyasi partiyalarla, siyasətçilərlə hər hansı problemimiz yoxdur. Düzü, Rəsul Quliyevin bu cür davranışı şəxsən məni maraqlandırmır. Hesab edirəm ki, 2005-ci il parlament seçkilərində onun yol verdiyi ağır səhvlərdən sonra Azərbaycan cəmiyyəti və demokratik qüvvələr çox böyük zərbə aldı. Onun səhvləri ucbatından həbs olunmuş insanlar hələ də həbsdən çıxmayıblar. Düşünürəm ki, 2005-ci il parlament seçkilərində Rəsul Quliyevin addımları nəticə etibarilə müxalifətə böyük zərbə vurdu. Ona görə də bundan sonra onun Azərbaycan siyasətində mühüm təsir imkanları yoxdur”.