Xəbər lenti

Mustafa Kamal Atatürkün doğum günüdür
Dünya 10:06 19.05.2022

Mustafa Kamal Atatürkün doğum günüdür

Bu gün Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal Mustafa Kamal Atatürkün doğum günüdür.

Mustafa Kamal Atatürk 19 may 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib.

1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunub. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olub, Hərbi Akademiyada təhsilinə davam edib. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət edib, 1907-ci ildə adyutant rütbəsi alıb. Daha sonra Manastıra 3-cü Orduya təyin olunub. 1909-cu il aprel ayının 19-da İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndərilib, Pikardi manevrlərində iştirak edib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.

1911-1912-ci illərdə baş vermiş Osmanlı-İtaliya müharibəsi zamanı Tobruk və Dərnə bölgəsində xidmət edib, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunub, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində çalışıb.

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra 19 may 1919-cu ildə Samsuna gedib. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirib. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük ruh yüksəkliyi ilə qarşılanıb, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atıb. Məclis və hökumət başqanlığına seçilib, Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Savaşının uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin edib.

Rəhbərlik etdiyi Türk Qurtuluş Savaşının əsas mərhələləri:

Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.

Çukurova, Qaziantep, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921).

I İnönü zəfəri (6-10 yanvar 1921).

II İnönü zəfəri (23 mart-1 aprel 1921).


Kütahya-Əskişəhər döyüşləri.

Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)

Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)

Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və qazi titulu verib. Qurtuluş Savaşı 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatıb. Beləliklə, Sevr müqaviləsi ilə parçalanması nəzərdə tutulan, türk xalqına 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmayıb.

1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılıb, monarxiya ləğv edilib, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub. 29 oktyabr 1923-cü ildə respublika elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulub. Türkiyə Respublikası "Hakimiyyət qeyd-şərtsiz millətindir” və "Yurdda sülh, cahanda sülh” ideologiyası əsasları üzərində qurulub.

1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilib.

15-20 oktyabr 1927-ci ildə Qurtuluş Savaşından və respublikanın qurulmasından bəhs edən Böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini söyləyib.

29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənib, bu evlilik 5 avqust 1925-ci ilədək davam edib. Uşaqları çox sevən Atatürk Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürüb, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə alıb.

Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk” soyadı verilib.

Fransız və alman dillərini bilirdi.

10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

O, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edib. 1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra "Qazi” adını alıb və ona ali marşal rütbəsi verilib. Ömrünün sonuna qədər (1938) 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->