Dünya 21:00 03.04.2024

Nadir tapıntı: İranda 1500 illik qala xarabalıqları tapıldı

İranın şərqində - Xorasanda arxeoloqlar nadir tapıntı - eramızdan əvvəl 6-cı əsrdə tikilmiş altı qülləsi olan təxminən dairəvi kərpic tikili aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, bu kəşf Cənubi Xorasanda yerləşən Bircənd şəhəri yaxınlığında edilib.

Bu ərazidə Taxça Abad Təpəsi kimi tanınan qazıntılar 2009-cu ildə başlayıb və bölgədə davam edən azsaylı tədqiqatlardan biridir. Şərqi İranda arxeoloji sahələr nadirdir və əvvəllər yalnız ikisi aşkar edilib: Xorasanın cənubunda Sistanda Dahane-i Golaman və Şimali Xorasanda Rivi Təpəsi kimi.
Taxça Abad Təpəsi qısır düzənlikdə, Bircənd yaxınlığında, yarımkonusvari təpənin kənarında yerləşir. Bu binanın ölçüləri heyranedicidir: onun əsas diametri 42 metr, hündürlüyü isə 4 metrə çatır. Şimal-şərqdən kanalı olan təqribən 11 metr enində xəndəklə əhatə olunmuş bu unikal memarlıq xüsusiyyətini təmsil edir.

Dörd mövsüm davam edən qazıntı işlərindən sonra diametri 18 metr olan, altı nəhəng qülləsi və hündürlüyü üç metrə çatan divarları olan az qala dairəvi kərpic tikili qalıqları aşkar edilib. Binanın qumla örtülməsi və iki mərhələdə doldurulması onun tikintisində diqqətli planlaşdırmanın olduğunu göstərir.

Maraqlıdır ki, arxeoloqlar binanın təxminən 200 il (e.ə. 550−330) davam edən Əhəmənilər dövründə tikildiyini iddia edirlər.

Bu, İran tarixində Əhəməni imperiyasının Sırdərya çayından Misirə qədər uzanan geniş ərazilərə hökm sürdüyü dövrdür.

Əvvəlki dövrlərlə oxşarlığına görə Əhəmənilər dövrünə aid materialların müəyyən edilməsində çətinliklərə baxmayaraq, arxeoloqlar ərazidən tapılan saxsı qabların tarixini müəyyənləşdirə və onun Əhəməni və Parfiya dövrləri ilə əlaqəsini təsdiqləyə biliblər. Bu kəşf bölgənin tarixinə və antik dövrdə əhəmiyyətinə yeni işıq salmağı vəd edir.

Alpər