
"Hazırlıqlı oxucu üçün roman" - Orxan Saffari yazır
Yazıçı dostum Rəvan Cavidlə 28 May metrosu ətrafnda görüşüb, üzü "Delikates"ə tərəf gedirdik. Gördüm, roman əlində, həm də oxuyub bitirib. Kafeyə gedə-gedə də, kafedə də roman haqqında danışdı. Amma roman haqqında təəssüratlarının bir qədər yaxşı olmadığını da bildirdi, ardınca da əlavə elədi ki, abi, bu, "Öləngi” deyil. Rəvanın nə dediyi bununla da mənə aydın oldu. Yüksək ustalıq gözləsə də, bu romanda nədənsə, tapa bilməyib. Olan işdi, yazıçının başına iş gələr. Rəvanın zövqünə güvənsəm də, bu kimi məsələlərdə heç Pərviz Cəbrayılın özünə də güvənmərəm. Ona görə nə etməli idim? Təbbi ki, romanı oxumalı. Mən neylədim? Gec olsa da, oxudum. İlk növbədə özümə, sonra müəllifə təşəkkür edərək, keçirəm sözümün "sürəsinə”.
Mövzu baxımından maralı, struktur baxımından mənə bir az sıxıcı gələn bu roman, oxu prosesində çətinlik də yaratdı. Çətinlik deyəndə, işimin adı nədi? Oxumalıyam, amma ağır oxudum, yəni, roman ağır getdi. Buna qədər bu sözü bir çox oxuyanlardan eşitmişəm. Bilmirəm müəllif özü razılaşır, ya yox, amma mənə elə gəlir, özüm də oxuyub əmin oldum ki, həqiqtən ağır gedir. Mən bunu pisləmək üçün demirəm. Belə də "yüngül" roman nəyə lazımdır? Bu cür ciddi mövzularla əhatələnmiş roman da yüngül gedirsə... daha nə bilim...
Magizm, mistika qatlarından ibarət gördüyüm bu əsəri, açığı bəyəndim. İstər magik tərəfi, roman içində romanlığı, mistikası, bir sözlə, bütün tərəfləri ilə uğurlu bir romandır. Mənim üçün orta bir şey yoxdur. Ya alınıb, ya da yox. Həm də, Pərviz Cəbrayıl haqqında bu cür fikir bildirmək də uyğun deyildir. Ona görə də əsəri uğurlu hesab edirəm. "Öləngi” kimi. Amma elə o romanda da bu romandakı kimi ağırlığı hiss etməmişdim deyil. Lap çoxdan oxusam da, yaddaşımda ağırlığı ilə qalıb. Açığı, mənim üçün bu romanı xilas edən məsələ Pərvizin dəsti-xətti ilə tanış olmağımdır. Düşünürəm ki, Pərvizdən ən azı publisistik nələrsə oxumayan, dilini bilməyən adam birinci bu romanı oxusa, təəssüratları bir o qədər də yaxşı olmayacaq. Həm ümumi başa düşməyəcək, həm ağırlığı "qaldıra” bilməyəcək. Bir sözlə, bu roman bir az da hazırlıqlı oxucu üçündür.
Romanın mövzu quruluşu elədir ki, müxtəlif cür yozmaq olar. Yəni, bir növ kim nə istəyirsə, onu da görəcək. Mən özüm çox şey gördüm: qadın azadlığından tutmuş, cərəyan edən siyası məsələlər, göndərmələr, cəmiyyətin ümumi münasibətləri, fərdlərarası münasibətlər, nələr, nələr... Mental məsələlərə - ata və qız münasibətlərinə olan baxış... çox şey demək olar. Başqa gördüyüm bir məsələ isə Qərb və Şəriqin qarşı-qarşı qoyulması, amma bu sualın cavabsız buraxılması. Ya da mənim görə bilməməyim. Romanda cərəyan edən hadisələrin bir dildən verilməməsi, gah müəllifin, gah obrazın danışması, Umud kimi qəliz obrazlar... Vallah, həqiqətən deyiləsi o qədər məqam var ki, bu cür qısa-qısa deyib keçirəm.
Romanı mövzu baxımından ağır edən bir məsələ də cərəyan edən hadisələrdir. Sevgi, ümumi ədəbi söhbətlərdən, fərdlərdən tutmuş, tarixə qədər. Ən yeni tarixə. Hətta elə yerlər oldu ki, müəllifin öz ideologiyasını bilməsəm, xarakterinə bələd olmasam, "nə əcəb belə yazıb” deyərdim də. Erməni obrazına görə deyirəm.
Roman klassikdir, moderndir və s. kimi müzakirələri də yersiz bilirəm ilk növbədə. Çünki toxunulmuş bəzi mövzular köhnə də olsa, müəllif "Avropa standartlarına uyğun” yazıb. Həm də, hər biri aktuallığını qoruyan mövzulardır. Romanda, dediyim kimi, hər şey var. Tərçüməçisi Dilsuz, şair Nəsimi, romanın gözəli və özəli Məryəmə çevrilən Umay, azad seks tərəfdən Əsli, İsa və daha nələr-nələr. Bir-birinə qarışmış, amma bağlı bu hadisələr peşəkar şəkildə verildiyindən, heç digər məsələlərə toxunmağa ehtiyac da yoxdur.
Nə çox bu dünyada xaçlı, naməlum atası ilə "ortada” qalan "bakirə” Məryəm misalı Umaylar...
Vanya var hələ, mənim də uşaqkən qonşumuz olmuş, Bakı ermənisi Vanya. Deyirəm, bəlkə bu odur? Amma o, sərhədsizlik arzusunda deyildi...
Dediyim kimi, romanda diqqətimi çəkən o qədər məqam var ki, açığı, hamısı haqqında təhlil yazmaq, yazını dartıb saqqız kimi uzatmaq istəmirəm. Roman boyda yazı yazmaq da fikrim yoxdur. Sturuktur baxımından iki hissəyə bölünən, fəsil baxımından dolğun və böyük olan bu romanı uzatmağın heç adı da yoxdur. Onsuz da, bütün hallarda romanı oxumayan adam üçün maraqsız gələcək, anlamayacaq. Axı dedim, bu roman bir az da hazırlıqlı oxucu üçündür. Bu qısa şəkildə yazdıqlaırım isə səmimi, ümumi müsbət fikirlərim kimi qəbul olunsun.
Belə gözəl roman üçün sonda müəllifə bir daha təşəkkür edirəm.
Təbii ki, özümə də. Oxuduğum üçün.
adalet.az