Xəbər lenti

Narkomaniyaya qarşı mübarizədə hansı metodlar keçərlidir? - Ekspert
Ölkə 19:12 27.07.2023

Narkomaniyaya qarşı mübarizədə hansı metodlar keçərlidir? - Ekspert

"Bu gün Azərbaycanda narkomanlığa qarşı mübarizədə həyata keçirilən metodika çox zəifdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun fikirincə, müasir cəmiyyət yeni yanaşma tərzi tələb edir: 

"Narkomanlığa qarşı mübarizədə bütün dünyada yeni texnologiyalar tətbiq edilir. Azərbaycanda uzun illərdir ki,  narkomaniya haqqında danışılır, amma ciddi tədbir görülmür. Vəziyyət gündən-günə mürəkkəbləşir, həssaslaşır. Belə bir vaxtda 30 il əvvəlki deyil, müasir metodlarla işləmək lazımdır. Hər gün mətbuatda və sosial şəbəkədə "filankəsdən filan miqdarda narkotik maddə tutulub” başlıqlı məlumatlara rast gəlirik. Bununla məsələ həll olmur. Bu problemi həll etmək üçün sahəyə aid olan ekspertlərin potensialından istifadə etmək lazımdır. Elə etmək lazımdır ki, onların özü bu işə can yandırsınlar. İndi neyləmək lazımdır? Tutaq ki, 10 adam narkotika satışı ilə məşğuldur. Onları həbs edib 5 ildən sonra həbsdən buraxmaqla məsələ həll olunmayacaq, daha ciddi tədbirlər görülməlidir”. 

Əhməd Qəşəmoğlu təklif edib ki, narkotika satışı ilə məşğul olanların özlərinə neqativ elemet kimi deyil, xəstə kimi yanaşılsın.

"Bu məsələdə bizdə yeni sosial iş xidməti olmalıdır, məhəllədə proflaktik tədbirlər  aparılmalıdır. Mən bunu Daxili İşlər Nazirliyinə  təklif etmişəm, amma hələ bir qərar yoxdur.  Mənim yaşadığım həyət narkomanlarla   doludur. Çıxırsan küçəyə - narkomanlarla rastlaşırsan. Az qala adama hücum edirlər – "1 manat ver, iki manat ver” deyə qarşımı kəsirlər, adamı evindən çıxdığına peşiman edirlər. Onlara nə qədər öyüd-nəsiyyət versən də, yenə də müsbət nəticə olmayacaq”,-deyə Ə. Qəşəmoğlu vurğulayıb. 

Sosioloq bu məsələdə ciddi və müasir dövrün tələbləri ilə yanaşmağın önəmini vurğulayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->