Səslərin 90%-dən çoxu hesablandıqdan sonra hakim partiyanın namizədi, iqtisadiyyat naziri Serxio Massa və ifrat sağçı Xavyer Miley Argentinada prezident seçkilərinin ikinci turuna keçiblər.
Qaynarinfo xəbər verir ki, Argentinanın "Telam” agentliyinin saytında verilən məlumata görə, birinci 36,68%, ikinci – 29,98% səs
toplayıb.
Birinci turda qalib gəlmək üçün namizəd 45%-dən çox səs toplamalı və ya ən yaxın rəqibindən ən azı 10 faiz bəndi üstün olaraq 40%-ni toplamalıdır. İkinci tur noyabrın 19-da keçiriləcək.
Associated Press-in qeyd etdiyi kimi, Serxio Massa gözlənilmədən lider olub. Əksər sorğular Xavyer Mileyə cüzi üstünlük verib. Baxmayaraq ki, Miley özü yayda autsayder olmaqla praymerizdə qalib gəlib. Öz seçki proqramında siyasətçi Argentina pesosu əvəzinə ABŞ dollarının milli valyutaya çevrilməsini, həmçinin Mərkəzi Bankın bağlanmasını təklif edib.
Nizami Bağırov