Xəbər lenti

Partiya sədrləri PA-nın təşkil etdiyi onlayn görüşdən danışdı
Siyasət09:37 10.09.2021

Partiya sədrləri PA-nın təşkil etdiyi onlayn görüşdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siyasi arenada düşmənçilik deyil, rəqabət prinsipləri önəmli olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Orqanları ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən siyası partiyaların onlayn formatda görüşündən danşarkən deyib. Onun fikirincə, iqtidar və müxalifətin rəqabətinin nəticəsində xalq qazanmalıdır:
"Görüşdə siyasi partiyaların əksəriyyəti iştirak edirdi. Onlayın formatda keçirilən görüş "Zəfər, yeni reallıqlar və dialoq” mövzusunda idi. Düşünürəm ki, bu görüşün mövzusu və belə tədbirlərin keçirilməsi indiki məqamda çox önəmlidir. Çünki uzun illərdir ki, partiyalar, əsasən də iqtidar-müxalifət arasında bir ünsiyyət çatışmazlığı vardı. Buna görə də demokratik inkişaf xeyli ləngiyirdi. İqtidar və müxalifət bir-birinə düşmən kimi yanaşdığından bir araya gələ, hər hansı bir məsələni də birgə müzakirə edə bilmirdilər. İndi sözügedən şöbənin yaradılmasından sonra iqtidarla müxalifət arasında belə bir ünsiyyət yaranıb. Partiyalar həmin şöbə vasitəsi ilə iqtidarla bu və ya digər məsələləri müzakirə edə və yeri gələndə təkliflərini də səsləndirə bilir. Hətta bəzən etirazlarını da bildirir”. 
Tural Abbaslı bildirib ki, görüşdə 50-yə yaxın partiya sədri iştirak edib:
"Onların böyük əksəriyyəti də çıxış elədi, fikirlərini dedi. Yeni Azərbaycan Partiyasından Tahir Budaqov təmsil olunurdu. Eyni zamanda parlamentdə təmsil olunan partiyaların sədrləri də tədbirdə iştirak edirdi. Faydalı bir tədbir baş tutdu, fikir mübadiləsi aparıldı. Əsas odur ki, belə görüşlərdən sonra siyasi nəticələr də olsun. Müxalifətin fəaliyyət göstərməsi üçün şəraitlər yaradırlar. Bunlar da nəticədir. Düşünürəm ki, proses daha da sürətləndirilməlidir. Ağ Partiya olaraq belə tədbirləri alqışlayırıq”. 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, həmin görüşdə postmüharibə dönəmindəki şəraitdə siyasi müxalifətin "Köklü islahatlarla dəyişikliklərə doğru platforması" mövzusunda çıxış edib:
"YAP nümayəndəsi Tahir Budaqovun çıxışında və PA şöbə müdiri Ədalət Vəliyevin yekun çıxışında mövqe və bir sıra tezislər diqqətimi çəkdi. Partiya sədrləri Sərdar Cəlaloğlu, Fazil Mustafa, İlqar Məmmədovun çıxışlarında səslənən bəzi fikirləri bölüşməsəm də, maraqlı fikirlər və təkliflər səsləndirildi. Konfrans 3 saatdan çox çəkdi, diskussiya şəraitində keçdi, məncə, ciddi və faydalı siyasi tədbir oldu. Nəticəsiz və təsirsiz qalmayacağını düşünürəm”.
Bahar Rüstəmli