"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı Nikol Paşinyana sonuncu xəbərdarlığını edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan baş naziri Nikol Paşinyanla bu gün olacaq telefon danışığını şərh edərkən deyib.
"Məlumata görə, 3 gündür Paşinyan Ərdoğanla telefonla danışmağa səy göstərir. Ancaq Azərbaycanla sülh sazişindən boyun qaçırdığına görə Türkiyənin dövlət başçısı onun zənglərini qəbul etmir. Dünən Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan dövlət başçısı Ərdoğanın Paşinyanla danışığına etiraz etmədiyini bildirib. Ona görə ki, bu telefon danışığı Ermənistana verilən son xəbərdarlıq xarakteri daşıyacaq. Ermənistan Azərbaycanın şərtləri kontekstində üzərinə götürdüyü öhdəlik və vədləri yerinə yetirməzsə, Paşinyanın bundan sonrakı fəaliyyəyi bir növ test xarakteri daşıyacaq”, deyə politoloq bildirib.
Natiq Miri vurğulayıb ki, İrəvan prosesi sabotaj etməkdə davam edəcəksə, Azərbaycan Qarabağdakı qanunsuz erməni silahlı dəstələri tərk-silah etmək üçün hərəkətə keçəcək:
"Ola bilsin ki, ordumuz böyük anlamda Naxçıvanla Azərbaycanı birləşdirəcək yolu öz nəzarətinə keçirmək üçün də paralel əməliyyat keçirsin. Bu da Azərbaycan-Türkiyə razılaşması kontekstində baş verə bilər”.
Rüfət Sultan