"Paşinyanın bu açıqlaması ictimai dəstəyi qazanmağa hesablanıb".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistanı Serj Sarkisyanın hakimiyyətindən azad etdiyi kimi, katolikosların iqamətgahını da azad edəcəyi barədə fikirlərini şərh edərkən deyib.
Ekspertin fikrincə, Paşinyan bu məsələdə 2026-cı ilin parlament seçkilərini gözləməyəcək:
"Paşinyanın kilsə ilə çəkişmələrdə istəyinə nail olması üçün 2026-cı il parlament seçkilərini gözləməyə ehtiyac yoxdur. Katolikos II Qaregeni devirmək üçün mütləq mənada ictimai rəyin dəstəyinə və onu formalaşdırmağa ehtiyac var. Məsələnin önəmli tərəfi budur. Çünki bu qarşıdurmada ictimai rəyi kim öz tərəfinə çəkə bilsə, mübarizədə qalib gələn tərəf də o olacaq".
Həmsöhbətimiz deyir ki, Paşinyanın təqdim etdiyi arqumentləri təkzib etmək mümkün deyil:
"Buna hər hansı bir cəhdi də görmürük. Çünki ortada konkret faktlar var. Özünü "tanrıya” bağlamaq prinsipi kontekstində erməni din xadimlərinin evlənməsi yasaqdır və bu əsasda onların övladı da ola bilməz. Bu and məsələsi pozulduğu üçün belə adamlar dini-mənəvi, psixoloji yöndə cəmiyyətə örnək ola bilməzlər. Paşinyan da məhz bu zəif yerdən yapışıb".
Politoloq düşünür ki, Paşinyan son açıqlaması ilə paralel olaraq katolikos ətrafında parçalanma, ona qarşı əks çıxışları təmin etmək istəyir:
"Bu imkanlar yarandığı təqdirdə Paşinyan 2026-cı il parlament seçkilərini gözləməyəcək. Belə olan təqdirdə, sadəcə katolikos deyil, Koçaryan, Sarkisyan, "Qarabağ klanı”, Rusiyayönlü "5-ci kolon” bütövlükdə ifşa olunacaq. Bu da Paşinyanın növbəti seçkilərdə xeyrinə işləyəcək güclü psixoloji amil olacaq".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanla erməni katolikosu II Qaregen arasında qarşıdurma davam edir. Bu günlərdə Paşinyan bəyan edib ki, o, Ermənistanı Serj Sarkisyanın hakimiyyətindən azad etdiyi kimi, katolikosların iqamətgahını da azad edəcək. Bu isə qarşıdakı dövrdə Paşinyanın sözügedən istiqamətdə daha ciddi addımlara keçəcəyinə işarə sayıla bilər.
Rüfət Sultan
Şərhlər