"Ermənilər tərəfindən atəşkəsin pozulması əmrini Paşinyan verməyib. Paşinyan indi öz oyununu oynayır. Həm Rusiyanın dediyini edir, həm də Amerikanın. Belə getsə, Paşinyanın hakimiyyətdə qalma ehtimalı” sıfıra” bərabərdir. Onu ya terror nəticəsində öldürəcəklər, ya da hakimiyyətdən birdəfəlik uzaqlaşdıracaqlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev son sutka ərzində erməni silahlı qüvvələrinin Şuşa və Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasının arxasında Ermənistan baş naziri Nikol Paşinyanın dayanıb-dayanmadığı sualına cavab verərkən deyib. Politoloqun fikrincə, bu təxribatların arxasında Rusiya dayanır:
"Son günlər erməni silahlı qüvvələrinin Şuşa və Naxçıvanı atəşə tutmaları əmrini Nikol Paşinyanın verdiyinə inanmıram. Bu təxribatların arxasında Rusiya dayanır. Moskva əvvəl Paşinyanı cəzalandırmaq istədi, ona görə də Azərbaycanın 44 günlük müharibəsinə maneə olmadı. Amma Azərbaycan Şuşanı azad edən kimi həmin gün Azərbaycana qarşı təxribat törədildi, rus hərbi vertolyotu vuruldu. Bu mənada həmin vaxt Azərbaycan taym-aut götürdü və əldə etdiyi qələbəni möhkəmləndirdi”.
C. Nuriyev bildirdi ki, Rusiyanın Qafqaz siyasəti hazırda onun proqnozlaşdırmadığı tərzdə cərəyan etdiyindən Moskva tez-tez Ermənistanın əli ilə bu kimi təxribatlara imkan yaradır.
Politoloqa görə, bu təxribatlarda şimal ölkəsinin əsas məqsədi odur ki, cavab atəşi nəticəsində sülhməramlılara ziyan dəysin və yaranmış fürsətdən sui-istifadə edərək, təhlükəsizlik bəhanəsilə Azərbaycan ərazisinin daha içərilərinə doğru daxil olsunlar:
"Bir sözlə, təxribatlarda məqsəd Azərbaycanı provokasiyaya çəkməkdən ibarətdir. Hələlik Azərbaycan buna getmir. Amma belə təxribatlar davam edəcək. İndidən Azərbaycan üçün Rusiya tərəfindən böyük təhlükənin olacağını görürəm”.
Həmsöhbətimiz yaranmış situasiya ilə bağlı 44 günlük müharibədə olduğu kimi siyasi partiyaların yenidən bir araya gəlməsini vacib hesab edir:
"Təcili olaraq beynəlxalq təşkilatlara müraciət etməliyik. Rusiya səfirliyi qarşısında siyasi partiyalar mitinqlərə başlamalıdır. Xarici İşlər Nazirliyi avral şəraitdə, yəni fasiləsiz, daimi şəkildə fəaliyyətə keçməlidir”.
Rüfət Sultan