"Ermənistan hakimiyyəti Konstantin Zatulin və Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoydu: Paşinyan komandası Zatulinə bildirib ki, "onun bəyanatları Ermənistana zərər vurur”. Beləliklə, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq, analoji hal Simonyana da aiddir".
Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdir:
"Paşinyanın bu addımı siyasi oriyentasiyasını Qərbə çevirməsi ilə bağlı olduğu bəllidir. Lakin niyə Zatulin və Simonyan?
- Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə Koçaryan-Sarkisyan komandası ilə yaxındır;
- Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşı mövqedən çıxış edir və Nikolun rəqibləri üçün platforma rolunu oynayır;
Paşinyan anlayır ki, Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcək və bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Bu təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu və məlumdur ki, proses davamlı olacaq".
Qeyd edək ki, Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin və erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib. Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə etməkdə ittiham olunur.
Bildirilir ki, o, ictimai çıxışlarında dəfələrlə Ermənistan hökumətini 44 günlük müharibədə məğlub olmaqda günahlandırıb. Bundan başqa, Zatulin Paşinyanın hakimiyyətdən getməli olduğunu dəfələrlə dilə gətirib. Zatulin hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib.
Marqarita Simonyan özü də Ermənistanda arzuolunmaz şəxs elan olunmasını təsdiq edib: "Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənə də".