Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin mandatını 20 ilə qədər uzatmağa hazır olduğunu açıqlayıb. O, belə bir təklifin Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəyərləndirilməsini istəyib.
"Rusiya sülhməramlılarının vəzifələrini davam etdirmələrini istəyirik. Mən Soçidə sülhməramlıların mandatını 10, 15-ə qədər uzadacaq sənədi imzalamağa hazıram. Bu, 20 il də çəkə bilər”, deyə Paşinyan bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağa göndərilib. Onların mandatı 5 il üçün nəzərdə tutulub. Bu əsasda da uzağı 2025-ci ildə sülhməramlılar Qarabağı tərk etməlidir. Paşinyanın Soçi görüşü ərəfəsi belə bir açıqlama verməsi isə sözügedən mövzunun həmin üçtərəfli sammitdə müzakirə edilə biləcəyinə işarədir. Amma Paşinyan unudur ki, sülhməramlıların mandatının uzadılmasına İrəvan qərar verə bilməz. Qarabağ Azərbaycanın ərazisidir, ona görə də onunla bağlı bütün qərarları vermək səlahiyyəti yalnız Bakının əlindədir. Bu fonda erməni baş nazirin həmin məsələni gündəmə atması həm İrəvanın, həm də Moskvanın maraqlarına cavab verir. Paşinyan bununla Qarabağla bağlı qeyri-müəyyən vəziyyətin uzadılaraq gələcəyə saxlanılmasına çalışır.
Digər tərəfdən, Rusiyanın ərazidə uzun müddət qalmaq istəyini nəzərə alaraq Paşinyan sözügedən mesajı ortaya atmaqla Qərbin "sülh variantı”na razı olması fonunda Kremldən ola biləcək təhdid və təzyiqləri neytrallaşdıra biləcəyini düşünür. Yəni Paşinyan bir tərəfdən, Qərbin "sülh variantı”na tərəfdar çıxmaqla Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və belədə əlaqələrin yaranmasına nail olmaq istəyir. Bu əsasda o, həmçinin Türkiyə ilə də əlaqə yaratmaq istəyir. Digər tərəfdən isə sülhməramlıların mandatının uzadılmasına nail olmaqla Moskvaya xoş gələrək Rusiya tərəfindən özünə qarşı olacaq təhdidləri neytrallaşdırır. Başlıcası isə Qarabağın taleyi məsələsinin uzadılmasına, gələcək üçün saxlanılmasına çalışmaq istəyir.
Sözsüz ki, Rusiya da Qarabağda həyata keçirdiyi sülhməramlı missiyanın uzadılmasında maraqlıdır. Moskva bölgədə daha uzun müddətə qalmaqla tərəflərə daha yaxşı təsir etmək gücündə olduğunu düşünür və bu fürsətdən istifadə edərək gələcəkdə regionun daha geniş ərazilərinə nəzarət etmək istəyir.
Rüfət Sultan