"Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistandan Qərb tələb edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə ilə münasibətləri tam şəkildə nizamlamağa hazır olduqları barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.
"Türkiyədə baş verən zəlzələ sonrası qardaş ölkə ilə Ermənistan arasında sərhədlər açıldı. Sərhədin açılması isə iki ölkə arasında münasibətlərin normallaşması və prosesin davamlı olmasına dair ümidləri də artırdı”, deyə politoloq bildirib.
Həmsöhbətimizin fikrincə, Paşinyan bu istiqamətdə daha çox eyforiyaya qapılıb:
"Ona görə də prosesin davamlı olacağını düşünür. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi indi daha intensiv xarakter alıb. Bunun da əsas səbəbi Azərbaycanın həmin məsələdə narazılıq bildirməməsidir. Ermənistanın blokadada qalması və Rusiya ilə gərginlik fonunda Qərblə yaxınlaşmaq cəhdlərini Ankara və Bakı yaxşı başa düşür. Paşinyan Qərbə inteqrasiya üçün Türkiyəni qapı hesab edir”.
Politoloq qeyd edib ki, Rusiya təsirindən çıxmağa çalışan Ermənistanın Qərbin deyil, Türkiyənin təsir dairəsinə düşməsi ölkəmiz üçün daha önəmlidir:
"Sərhədlərin açılması, Ankara-İrəvan münasibətlərin normallaşması iqtisadi aktivliyi artıracaq ki, bu da öz növbəsində Türkiyənin Ermənistana siyasi təsiri demək olacaq”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda müzakirələr zamanı Ermənistanın Türkiyə ilə münasibətləri nizamlamağa, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına tam hazır olduğunu bəyan edib.
Rüfət Sultan