Xəbər lenti

Prezident seçkisi üzrə hüquqi mühit
Siyasət08:09 07.02.2018

Prezident seçkisi üzrə hüquqi mühit

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
5 fevral 2018-ci ildə prezident İlham Əliyev növbədənkənar prezident seçkisinin keçirlməsi ilə bağlı sərəncam verdi və həmin ilin oktyabrında keçiriləcək seçkinin tarixi 6 ay öncəyə dəyişdi. 
Ancaq növbədənkənar prezident seçki təyin edilərkən, tutarlı siyasi ehtiyaclar göstərilmədi və parlamentdə açıq ictimai müzakirələr aparılmadı. Bununla da ölkə başçısı növbədənkənar  prezident seçkisini təyin edərkən 26 sentyabr 2016-cı ildə keçirilmiş qeyri-demokratik referendumun verdiyi hüquqi imkanlardan yararlandı. Bu seçki son 15 ildə bir neçə mürtəce dəyişikliklərə məruz qalmış Seçki Məcəlləsi əsasında keçirildi. Nəticədə 11 aprel 2018-ci il 
seçkisi ərəfəsində Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyalarının tövsiyyələri növbəti dəfə nəzərə alınmadı. 
a) Növbədənkənar seçkinin hüquqi əsasları 
5 fevral 2018-ci ildə Azərbaycan prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident  seçkisinin keçirilməsi barədə sərəncam imzalayaraq, həmin ilin oktyabr ayında keçiriləcək seçkinin tarixini 6 ay öncəyə dəyişdı. Bu sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olsa da, növbədənkənar seçki təyin edilərkən seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə əməl edilmədi. 
Qeyd edək ki, 26 sentyabr 2016-ci ildə ölkə tarixində sayca dördüncü referendumda 
Konstitusiyanın 101-ci maddəsinin mətninə edilən əlavə ilə prezidentə növbədənkənar prezidentseçkilərini elan etmək üçün müstəqil və qeyd-şərtsiz səlahiyyət verildi. Qeyri-demokratik qaydada keçirilmiş 2016-cı il referendumu ilə qəbul edilən düzəlişlərə qədər erkən prezident seçkiləri yalnız aşağıdakı 3 xüsusi halda mümkün idi: 
I. Prezident istefa verdikdə; 
II. səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə; 
III. vəzifəsindən kənarlaşdırıldıqda. 
2016-cı il Konstitusiya dəyişikliyi nəticəsində prezident öz mülahizəsi ilə erkən prezident seçkiləri elan etmək hüququ əldə etdi. Həmin referenduma çıxarılan düzəlişlərlə bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyində dəyişikliklərin motivlərinin aydın olmadığı, referendum aktının müzakirəsinə parlamentin cəlb edilməməsi və konstitusion düzəlişlərin qüvvəyə minməsi qaydası ilə bağlı tənzimləmənin olmaması tənqid edilib. 
Növbədənkənar prezident seçkisinin keçirilməsi barədə prezidentin sərəncamı tutarlı siyasi ehtiyaclar göstərilmədən və parlamentdə açıq ictimai müzakirələr aparılmadan verildiyindən seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən potensial prezidentliyə namizədlərin iştirakını, yerli və beynəlxalq müşahidəçilərin hazırlığını çətinləşdirib. 
Bununla da Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunmuş «seçkilərin ağlabatan aralıqda və müddətdə keçirlməsinə dair» müddəalar gözlənilməyib, seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı və məntiqli izahat verilməyib. 
Avropa Şurasına üzv ölkələrin təcrübəsinə istinad edərək, növbədənkənar seçkilərin keçirilməsi (xüsusən də prezident seçkiləri) ilə bağlı yetərincə müstəsna halların olduğunu, habelə bu səlahiyyətdən istifadə hüququnun müstəsna qayda və şərtlərlə tətbiq edildiyini müəyyən edib. Ancaq Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində belə müstəsna qaydalar və şərtlər göstərilməyib, bununla da həmin müddəa prezidentə konkret və xüsusi əsaslar göstərmədən növbədənkənar seçkilər keçirmək səlahiyyəti verir. Beləliklə, Konstitusiyanın 101-ci maddəsinin birinci hissəsi növbədənkənar seçkilərin elan edilməsi ilə bağlı müstəsna şərtlər və qaydaları müəyyən etmədiyindən bu səlahiyyətin özü Avropa seçki 
təcrübəsi ilə ziddiyət təşkil edir. 
Növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin bu məsələdə maraqlı subyektə, yəni prezidentə hər hansı məhdudiyyətlər olmadan verilməsi də demokratik idarəçilik qaydalarına uyğun deyil. Prezident nəzəri olaraq özünə sərfəli vaxtda (məsələn, reytinqlərinin yüksək olduğu və ya reytinqinin gələcəkdə aşağı düşəcəyi halda) növbədənkənar seçkilər təyin edə və bununla da səlahiyyət müddətini artıra bilər. Bununla da maraqlı subyekt olan prezidentə özünün siyasi karyerası ilə bağlı haqsız və ədalətsiz üstünlük əldə edəcəyi səlahiyyətin verilməsi demokratik cəmiyyətin tələbləri baxımından legitim deyil.
Növbədənkənar prezident seçkisinin təyin edilməsiylə bağlı sərəncam 2016-cı ildə keçirilmiş referendum vasitəsilə prezidentin səlahiyyətlərini artıran müddəalar konteksində prezident seçkisinin növbədənkənar təyin edilməsi hüququnun da prezidentə verilməsi bu müddəalardan istismar olunması imkanı yaradır. Nəticə etibarilə, növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin prezident tərəfindən icra edilməsi leqal (qanuni) akt olsa da, demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir. 
HƏMİDLİ KAMRAN