Siyasət 18:26 09.11.2022

"Prezidentin Zəfər gününü Şuşada qeyd etməsi təsadüfi deyil” - Deputat

"44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbənin ikinci il dönümünün Prezident İlham Əliyevin iştirakı ilə Şuşada qeyd edilməsi təsadüfi deyil”.

Bu sözləri Qaynarinfo-ya deputat Elman Məmmədov bildirib. Millət vəkili bildirib ki, dövlət başçısı Şuşada özü sözünü yenidən düşmən ölkəyə çatdırdı:

"Qələbənin banisi olan Prezident dünən Şuşada yenidən düşmənə öz sözünü çatdırdı. Bildirdi ki, dəmir yumuruq hər zaman düşməni sarsıtmağa hazırdır. Düşmən ölkə Prezidentin fikirlərindən özlərinə dərs çıxarmalıdır. Ali Baş Komandan qeyd etdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır".

Deputat bildirib ki, Ali Baş Komandan Azərbaycan xalqına, ordusuna güvənərək düşmənə mesajlarını verir: 

"Bu gün Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın ən qüdrətli ordular sırasında yer alır. Digər sahələrlə yanaşı, ölkəmizin müdafiə sektoru da günü-gündən güclənir. Bu uğurları ardıcıl olaraq inkişaf etdirmək bizim əsas hədəfimizdir. Azərbaycan əsgəri, zabiti daim ölkəmizin keşiyində durur". 

Elman Məmmədov həmçinin deyib ki, ölkə başçısı şəhid ailələri və qazilərimizə daim diqqət-qayğı göstərir.

Əhməd