Rusiya, Azərbaycan və Ermənistan prezidentləri iyunun 20-də Sankt-Peterburqda görüşəcəklər. Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə əvvəlcə ayrılıqda görüşəcək, daha sonra danışıqlar üçtərəfli formatda davam etdiriləcək. Danışıqlardan müsbət nəticə verəcəyi ilə bağlı nikbin proqnoz yoxdur.
Məsələ ilə bağlı Qaynarinfo.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, bu görüşdə Qarabağ münaqişəsinin fərqli formatda dondurulması ilə bağlı müzakirələr olacaq: "Azərbaycan və Ermənistanda hazırda hökm sürən ab-hava hər hansı bir yeniliyin olmasına imkan vermir. Ermənistanla münasibətlərin yaxşılaşması üçün hər hansı bir istək olsa, erməni sözü deyəndə hakimiyyət mənfi və neqativ reaksiya verməzdi. Münaqişənin həll olunması üçün bir-birimizin hüquqlarını tanımalı və güzəştə getməliyik. Eyni tendesiya da Ermənistanda baş verir. Xəstə erməni cəmiyyəti "Qarabağla bağlı müqəddəs qələbəmizi bada vermərik" deyir".
Politoloqun fikrincə, Rusiya "barış olmalıdı", "atəşkəs olmalıdı" kimi boş sözlər danışır: "Odur ki, bu görüş də sadəcə protokol görüşü olacaq. Görüş sadəcə, Rusiyanın bölgədə nüfuz sahibi olmağını göstərir. Münaqişənin idarə edicisi Rusiyadır. Rəsmi Moskva hansısa bir politoloji mərkəzdə yeni bir format fikirləşə bilər. Məsələn, rus ordusu Qarabağa gəlsin, əvəzində Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılsın. Belə bir ehtimal mümkündür. Yeni bir təklif olsa, Azərbaycan və Ermənistan razılaşacaq. Amma indiki vəziyyət də Rusiyanı qane edir".
Mövzu ilə bağlı Qaynarinfo az-a danışan politoloq Elxan Şahinoğlu da qeyd edib ki, danışıqlarla bağlı hər hansı bir irəliləyiş müşahidə edilmir: "Ermənistana Qarabağ ətrafı rayonların boşaldılması üçün heç bir təzyiq yoxdur. Ona görə də, Sankt- Peterburq görüşündən nəticə gözləmək olmaz. Böyük dövlətlərin yeganə dərdi atəşkəsin müddətini uzatmaqdır. Biz də istərdik ki, atəşkəs olsun. Amma bizim üçün vacib olan Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Bu olmadan, atəşkəsə riayyət etmək bizim deyil, Ermənistanın maraqlarına cavab verir".
Politoloqun sözlərinə görə, Rusiya prezidenti bu görüşdə köhnə Kazan prinsiplərini ortaya qoyacaq: "Yeni bir ideyanın olmasına inanmıram. Kazan prinsiplərində mərhələli həllə ehtiva edən maddələr var. Qarabağ ətrafındakı rayonların boşaldılması, azərbaycanlıların geri qayıtması və s. prinsiplər öz əksini tapıb. Təssüf ki, bu prinsiplərdə də referendum tarixi var. Bu isə Azərbaycan üçün təhlükəlidir.Ona görə də belə bir vəziyyətdə danışıqlardan real nəticə gözləmirəm. Aprel hadisələri göstərdi ki, bizim gözləmə limitimiz bitib. Görüşdən nəticə çıxmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az