Dünya 18:15 05.06.2023

Putinin məğlubiyyətini faş edən ermənipərəst deputat vəzifədən məhrum edilə bilər

Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Rusiyanın Ukraynada "xüsusi əməliyyat”ın məqsədlərindən heç birinə nail ola bilmədiyini bəyan etdikdən sonra tutduğu vəzifədən məhrum edilə və "Vahid Rusiya”dan xaric edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Vedomosti” partiyadakı iki mənbəyə və prezident administrasiyasına yaxın həmsöhbətə istinadən yazır.

Nəşr bildirir ki, bu məsələ ilə bağlı artıq "Vahid Rusiya”da məsləhətləşmələr aparılır və buna görə "Vahid Rusiya” fraksiyasının rəhbərinin birinci müavini Vyaçeslav Makarov cavabdehdir. Sonuncu qeyd edib ki, Zatulinə qarşı hansı tədbirlərin görüləcəyini söyləmək hələ tezdir.

"Vahid Rusiya” fraksiyasından olan həmsöhbət Zatulinə qarşı çoxsaylı iradların olduğunu qeyd edib. Xüsusilə, o, 2021-ci ildə Rusiya prezidenti Vladimir Putinin təqdim etdiyi vətəndaşlıq qanun layihəsinə qarşı çıxıb.

Lakin başqa mənbəyə görə, Zatulinin çıxışı ilə bağlı bütün məsləhətləşmələr maarifləndirici tədbirlərlə məhdudlaşa bilər. "Fraksiya rəhbərliyi Zatulinlə danışacaq ki, gələcəkdə daha ehtiyatlı danışsın”, - mənbə bildirib.

Qeyd edək ki, 1 iyunda "Bizə hansı Ukrayna lazımdır?" forumunda Zatulin Putinin genişmiqyaslı işğala başlamazdan əvvəl qarşıya qoyduğu bütün məqsədlərin iflasa uğradığını bəyan edib. "Hərbi əməliyyatın əvvəlində rəsmi olaraq bəyan edilmiş məqsədlərimiz nə idi? Hamınız xatırlayırsınız - denazifikasiya, demilitarizasiya, Ukraynanın neytrallığı və bütün bu müddət ərzində əziyyət çəkən Donetsk və Luqansk xalq respublikalarının sakinlərinin müdafiəsi. Bu bəndlərdən hansı üzrə bu günə kimi nəticələr əldə etmişik? Heç birində”, - Zatulin bildirib. 

Onun sözlərinə görə, bir çox məqsədlər bütün mənasını itirib. "Məsələn, Ukraynanın neytrallığı. Bu tələbin mənası nədir? Hazırda heç nə. O, mövcud olduğu halda neytral olmayacaq”, - deyə deputat qeyd edib. O, həmçinin vurğulayıb ki, Qərbdən dəstək aldığı üçün Rusiya Ukraynanı işğal edə bilməyəcək.

Zatulin özü "Vedomosti”yə bildirib ki, onun fikirləri ilə bağlı heç kim onunla əlaqə saxlamayıb. "Mən niyə komitədəki yerimi itirə bilərəm və ya fraksiyadan xaric ola bilərəm? Fraksiya rəhbərliyi mənə heç nə deməyib”, - deyə deputat bildirib.

Eyni zamanda, o, Telegram kanalında onun sözlərini kontekstdən çıxaranları ittiham edib. "Mən dedim ki, hazırda hərbi xüsusi əməliyyatın məqsədlərinə <…> nail olunmayıb. Nə üçün? Bundan sonra, bu məqsədlərə çatmaq üçün nə etmək lazım olduğunu söyləmək üçün", - Zatulin yazıb.

Nizami Bağırov