Xəbər lenti

Putinin Paşinyana hiddətli baxışı - Moskva görüşünün pərdəarxası (TƏHLİL)
Siyasət12:02 12.01.2021

Putinin Paşinyana hiddətli baxışı - Moskva görüşünün pərdəarxası (TƏHLİL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ bağlı Moskvada keçirilən 4 saatlıq görüşün nəticələri hələ uzun müddət müzakirə mövzusuna çevriləcək. Çünki görüş sonrası verilən üçtərəfli bəyanat müzakirələrin hansı istiqamətdə getməsi ilə bağlı aydın təsəvvür yaratmadı. Nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və Qarabağın inkişafını nəzərdə tutan bəyanatın həyata keçməsi üçün bir sıra önəmli məsələlər (Qarabağda mövcud olan erməni silahlı qüvvələri, Qarabağı statusu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sülhməramlıların statusu və s.) həll olunmalıdır. Amma bunların heç biri bu sənəddə əksini tapmadı.
Görünənlər onu deməyə əsas verir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü gərgin atmosferdə keçib və tərəflər prinspial məsələlərdə razılaşma əldə edə bilməyib. Ya da razılaşmalar əldə olunubsa, hələlik ictimaiyyətə açıqlanması məqbul sayılmayıb.
Görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar tərəflərin Moskva görüşünə ciddi hazırlaşmasından xəbər verirdi. Belə ki, Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş iclasda Qarabağla bağlı mühüm mesajlar verərək, rəsmi Bakıdan xəbərsiz Qarabağa edilən səfərləri yolverilməz hal adlandırmış, sülhməramlılara iradını bildirmişdi. Onların Fransa deputatlarını Azərbaycanla razılaşdırılmadan bölgəyə buraxmasını xatırladıb və bundan sonra belə hallara yol verilməməsini tələb etmişdi. Eləcə də Ermənistan xarici işlər nazirinin Qarabağa səfərinə də sərt reaksiya verərək İrəvanı razılaşmalara əməl etməyə çağırmışdı.  Əks halda 44 günlük döyüşlərin yenidən təkrar oluna biləcəyini demişdi. 
Müşahidəçilərin fikrincə, İlham Əliyevin məhz bu çıxışından sonra Rusiya Prezidenti 10 yanvarda xüsusi xidmət, güc orqanlarının rəhbərləri və xarici işlər nazirinin iştirakı ilə Qarabağdakı vəziyyəti müzakirə etdi. İlham Əliyevin görüş sonrası verdiyi açıqlamlarda bu məsələlələrə toxunmaması da onu göstərdi ki, Rusiya Azərbaycanın tələblərini haqlı sayıb və əməl edəcəyi ilə bağlı vəd verib. 
Ermənistan tərəfi də görüşdən uduşlu çıxmaq üçün bəzi addımlar atmışdı. Məsələn, erməni müxalifəti Paşinyanın Moskva səfərinə "icazəli etiraz" etməklə, baş nazirin əlini gücləndirmişdi. Yəni, Paşinyan "xalq etiraz edir, böyük güzəştə gedə bilmirəm" arqumenti ilə Rusiya paytaxtına yola düşmüşdü. Görüş sonrası Paşinyanın status və "əsir” məsələsinin həll olunmaması və danışıqların Minsk qrupu çərçivəsində aparılması ilə bağlı açıqlamaları isə onu göstərdi ki, o, Moskvadan məyus qayıdır. Putinin Paşinyanın bu sözlərinə hiddətli baxışı onu göstərdi ki, Kreml Ermənistan baş nazirinin istəklərini nəzərə almadan Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışacaq. Əslində isə Paşinyanın dünən Moskvada sərgilədiyi mövqe dolayısı ilə Azərbaycanın istəklərinə uyğundur. Belə ki, rəsmi Bakı Paşinyandan fərqli olaraq Minsk qrupunun yenidən münaqişənin həllinə buraxılmamasını nümayiş etdirməklə Rusiya amilindən maraqları üçün yararlana bilər.
Bununla belə, Rusiya və Azərbaycan prezidentləri davranışları ilə Ermənistan baş naziri Nikol Paşinyanın bir müddət hakimiyyətdə qalmasını istədiklərini nümayiş etdirdilər. Belə ki, erməni müxalifətinin Paşinyanla bağlı dediklərinin heç biri olmadı. Yəni, Moskvada heç bir siyasi sənəd imazalanmadı. Paşinyan indiki məqamda Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək sənədə imza atsaydı, bu onun sonunu gətirə bilərdi… 
Moskvada isə əməkdaşlıqla bağlı ümumi bəyanat imzalandı. 4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Lakin bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi və nəqliyyat əlaqələrinin qurulması mümkün görünmür…
Orxan Əhmədli