Xəbər lenti

Qarabağda qondarma prezident seçkiləri keçirilərsə... (TƏHLİL)
Siyasət11:39 16.02.2022

Qarabağda qondarma prezident seçkiləri keçirilərsə... (TƏHLİL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağda qondarma prezident seçkiləri keçirilərsə, Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə etirazını bildirəcək. Bakı bu qondarma məsələni həm də beynəlxalq birliyin nəzər diqqətinə çatdıracaq. Azərbaycan yalnız diplomatik kontekstdə müəyyən tutarlı və zəruri bəyanatlar verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu ermənilərin Qarabağda "konstitusiya” dəyişikliyinə getməyi müzakirə etmələri fonunda bölgədə növbəti qondarma prezident seçkiləri keçiriləcəyi təqdirdə, Azərbaycanın prosesə hansı formada qarşıqlıq verəcəyinə aydınlıq gətirərkən deyib:
"Öncə qeyd edim ki, qondarma rejimdə prezident seçkilərinin keçirilməsi onun hüquqi statusu ilə bağlı məsələlərdə ciddi əhəmiyyət kəsb etmir. Ermənilərin bu hərəkətləri təbii ki, erməni icması və diasporunun, İrəvanın maraqlarına cavab verə bilər. Amma bu addımın beynəlxalq birlik tərəfindən separatçı rejimin tanınması ilə bağlı prosesə heç bir təsiri olmayacaq”.
Həmsöhbətimizə görə, Moskvanın qondarma qurumda ola biləcək növbəti prezident seçkilərinə münasibəti kəskin olmasa da, onlar da rəsmən həmin prosesi tanımayacaq:
"Rusiya sülhməramlıları Azərbaycan və Ermənistan arasında münaqişə zonasına yerləşdirilən hərbi qüvvədir. Onların əsas missiyası isə Azərbaycan ərazisindən işğalçı qoşunların çıxarılmasıdır. Təbii ki, işğalçı qoşunlar Azrbaycanın vaxtilə işğal altında olan ərazilərindən çıxarılıb. Lakin Moskva razılaşmasının şərtlərində həmin qoşunların bilavasitə Qarabağ ərazisindən çıxarılması ilə bağlı heç bir öhdəlik və missiya yoxdur.
Ona görə də rus sülhməramlıları bilavasitə həmin bölgədə baş verən proseslərə Moskva razılaşmasının verdiyi status kontekstində müdaxilə etmək hüququna malik deyil. Moskva özü də separatçı rejimi müstəqil qurum kimi tanımayıb. Laçın dəhlizinin yeri dəyişdirildikdən sonra isə Qarabağın Ermənistanla əlaqə saxlaması imkanları da müəyyən mənada məhdudlaşacaq. Belədə, Qarabağın perspektiv sosial-iqtisadi problemlərinin həlli Azərbaycan dövlətinin üzərinə düşəcək. Bunu Qarabağdakı erməni icması nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. İndiki vəziyyət Moskvanı da qane edir. Belədə bölgədə qondarma prezident seçkiləri keçirilsə də, bu, Qarabağla bağlı məsələdə Bakının Moskva ilə əlaqələrinə ciddi təsir etməyəcək”. 
Yaranmış vəziyyətdə İrəvanın sərgiləyəcəyi mövqeyə gəldikdə isə, E. Mirzəoğlu düşünür ki, Ermənistan bu məsələdə müstəqil qərar vermək gücündə deyil:
"Qondarma rejimdə keçiriləcək prezident seçkiləri İrəvana Qarabağ ətrafında müzakirə və danışıqlar aparmağa əlavə imkanlar yaradacaq. Ermənistan bu fonda yəqin ki, vaxt əldə etmək, Moskva razılaşmasının şərtlərini yerinə yetirməkdən boyun qaçırmaq üçün hər zaman olduğu kimi danışıqları danışıqlar naminə aparmaq cəhdində bulunacaq. Ümumiyyətlə, Ermənistanın bu məsələdə müstəqil qərar qəbul edə biləcəyini də istisna edirəm. O, özünə yönəlik sifariş nə olacaqsa, həmin qərarı da qəbul edəcək”. 
Rüfət Sultan