"Azərbaycan ərazisinə gələcək sülhməramlı əsgər sayına heç bir halda Rusiya qərar verə bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya Müdafiə naziri Sergey Şoyqu Qarabağda sülhməramlıların sayını 10 minədək artırılmasının planlaşdırılması ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. O bildirib ki, kontingentin sayının artırılmasına qərar verən tərəf Rusiya deyil, Azərbaycandır:
"Bu modul şəhərcikər kimin üçün nəzərdə tutulur? Mülkü əhali, yoxsa hərbiçilər üçün? Birincisi, bu aydınlaşmalıdır. İkincisi, həmin kontingentin sayının artırılmasına qərar verəcək tərəf Rusiya deyil. Belə bir bəyanatın verilməsinin real olduğunu da düşünmürəm. Şoyqu da bunu anlamamış deyil. Bu sırf Azərbaycanın icazə verə biləcəyi şərtlərdir".
Ədalət Verdiyev qeyd edib ki, real vəziyyətdə buna heç bir ehtiyac yoxdur:
"Gələn qüvvələrdən də artıq Rusiya sülhməramlılarının əraziyə gətirilməsi yalnız ictimaiyyətin qıcıqlandırılmasına səbəb ola bilər. Ona görə də Şoyqu da, digərləri də belə açıqlamalarında ehtiyyatlı olmalıdırlar və səlahiyyətlərini də aşmamalıdırlar".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların sayını ən azı 5 dəfə, 10 minədək artırmağı planlaşdırır. Müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı Qarabağda 330 yerlik blok-modul hərbi şəhərciyin işə salındığını bildirib. O həmçinin əlavə edib ki, 1 aprel 2021-ci ilə qədər daha 32 modul şəhərciyin salınması planlaşdırılır.
Bahar Rüstəmli