Xəbər lenti

Qarabağ separatçısı Moskvaya niyə gedib? (ŞƏRH)
Siyasət09:30 29.10.2022

Qarabağ separatçısı Moskvaya niyə gedib? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan mediası qondarma rejimin başçısı Araik Arutyunyanın Rusiyaya səfər etdiyi barədə xəbər yayıb. Onun oktyabrın 25-də İrəvan-Moskva reysi ilə uçduğu bildirilir. Amma Araikin hansı məqsədlə və niyə Rusiya paytaxtına yollandığı barədə hələlik heç bir məlumat yoxdur. 
Qeyd edək ki, bir müddət əvvəl Arutyunyan dəstəsilə birlikdə İrəvanda olub. Lakin görünən budur ki, o özünə ciddi dəstək tapa bilməyib. Daha  sonra Qarabağ separatçıları diqqətlərini artıq Moskvaya yönəldiblər. Rusiyanın son hərəkətləri də belə düşünməyə əsas verir ki, onların Qarabağın bir hissəsində yerləşən sülhməramlı qüvvələri burada daha uzun müddətə qalmaq niyyətindədir. 
Onu da bildirək ki, Arutyunyanın səfəri Soçidə olacaq Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli sammitin keçirilməsi ərəfəsində baş verib. Bu da onu deməyə əsas verir ki, Araik Moskvaya hansısa planlar barədə təlimat almaq üçün uçub. Bu planlardan biri də Rusiyanın Qərbin vasitəçiliyindən narahatlıq keçirməsilə bağlı ola bilər. Belə ki, son zamanlar cərəyan edən proseslər göstərir ki, tərəflər Qərbin vasitəçiliyinə daha çox önəm verməyə başlayıb. Çünki Qərb tərəflər arasında tez bir zamanda sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Kreml isə hələ də prosesi uzatmağa çalışır və bu əsasda da Brüsselin sülh proqramını pozmaq istəyir. 
Bu fonda Kremlin İrəvan və Bakıya olan ümidləri isə artıq deyəsən Rusiyanın istəyinin əleyhinə olaraq nəticə vermir. Belə ki, Paşinyan birmənalı şəkildə Qərbə meyllənib, onun regiona gəlməsində maraqlıdır. Azərbaycan üçün də sülh prosesinin Qərb variantı daha məqbuldur. Çünki bu sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Moskva isə özünü Qarabağ məsələsinə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən kənar müstəvidə baxmağın tərəfdarı kimi göstərir. Bu mənada istisna deyil ki, Kreml Qərbin planlarını pozmaq üçün yalnız bir mənbənin-separatçıların ümidinə qalıb. 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən QAFSAM sədrinin müavini Nazim Cəfərsoy bildirib ki, Araik Moskvaya Azərbaycanla Ermənistan arasındakı prosesdən ortaya çıxacaq nəticələrin qəbul etdirilməsi məqsədilə göndərilib:
"Bilirsiniz ki, Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla müxtəlif formatlarda görüşləri davam edir. Oktyabrın 31-də də 3 ölkə liderlərinin növbəti görüşü olacaq. Rusiya zaman-zaman verdiyi açıqlamalarla prosesin içində olduğunu vurğulamağa çalışır. Araikin Moskvaya getməsinə Bakı hər hansı bir reaksiya verməyib. Bakının səssiz qalmasını təsadüfi hesab etmirəm. Bölgədə real güc balansı hər bir mənada Azərbaycanın xeyrinədir. Bu mənada düşünürəm ki, Arutyunyanın Moskvaya səfəri Azərbaycanla Ermənistan arasındakı sülh müzakirəsi prosesində Qarabağdakı qondarma rejimin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onunla bağlı qəbul ediləcək öhdəliklərin həyata keçirilməsi məqsədi daşıyır. Yəni, Araik Moskvaya Azərbaycanla Ermənistan arasındakı prosesdən ortaya çıxan nəticələrin qəbul etdirilməsi məqsədilə göndərilib. 
Xatırlayırsınızsa, Azərbaycan Qarabağda bəzi ərazilərə nəzarəti özünə qaytarmazdan əvvəl də Araik Moskvaya gedəndə Bakı ona reaksiya verməmişdi. Həmin səfərin üzərindən bir müddət keçdi və Azərbaycan Fərrux da daxil həmin ərazilərə nəzarəti özünə qaytardı. Ondan sonra erməni mətbuatında Araikin Moskvaya bəzi əraziləri təhvil verməyə getdiyi barədə məlumatlar yer aldı. Bənzər proses Araikin bu səfəri fonunda da var. Qarabağdakı separatçılar arasında da çaxnaşma müşahidə olunur. Bütün bunlar göstərir ki, Qarabağda yeni bir mərhələ üçün addım atılacaq. Araikin də Moskvaya çağırılması bununla əlaqəlidir. Azərbaycanın onun səfərinə reaksiya göstərməməsi prosesdən Bakının da xəbərinin olduğuna işarədir”. 
Ekspertə görə, Araikin Moskvaya getməsinin başqa səbəbi separatçı rejimdə vəzifəyə gətirilən Ruben Vardanyanla da bağlı ola bilər:
"Artıq Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məsələlələri gündəmə gəlir. Düşünürəm ki, Soçi görüşündə müxtəlif qərarlar alınacaq və bu qərarlar arasında Qarabağdakı separatçılar üzərinə düşəcək öhdəliklər də olacaq. Araiki də prosesi pozmamağa çağırmaq üçün Moskvaya dəvət ediblər”. 
Rüfət Sultan