Xəbər lenti

Qazaxıstan Rusiyanın əlindən çıxsa...
Hüseynbala Səlimov
Siyasət08:44 07.01.2022

Qazaxıstan Rusiyanın əlindən çıxsa...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Güman, elə bir siyasi təhlilçi tapılmaz ki, son günlərdə dünyada çox maraqlı proseslərin getməsiylə razılaşmasın. Söhbət heç Qazaxıstan hadisələrindən də getmir, hərçənd, bu hadisələrin geosiyasi aspektləri onların daxili siyasi motivlərindən geri qalmır və biz bu məsələyə hələ toxunacağıq.
Amma bəribaşdan qeyd edək ki, öncə Rusiya prezidenti V.Putin ABŞ prezidenti C.Baydenlə ikinci görüşündən sonra yeni "təhlükəzislik doktrinası” ilə çıxış etdi və ümumilikdə Qərbin qarşısına on yeddi maddəlik tələb qoydu ki, Qoca və Yeni Dünya, yəni Avropa və ABŞ bu tələbləri ultimatum kimi qəbul etdilər. 
Bundan sonra dünyanın beş böyük nüvə dövləti çox maraqlı bir bəyanatla çıxış etdilər və nüvə dövlətləri arasında müharibənin tamamilə yolverilməz olduğunu bildirdilər. 
Daha sonra, yəni ki, yanvar ayının 12-də Rusiya – NATO Şurasının iclasının olacağını və təxminən eyni vaxtlarda ABŞ və Rusiya prezidentlərinin görüşünün də baş tutacağını dedilər. Yada salaq ki, Rusiya – NATO Şurası 2002-ci ildə yaradılmışdı, amma Gürcüstan – Rusiya müharibəsindən, xüsusən də Ukrayna hadisələrindən sonra onun fəaliyyəti dayandırılmışdı. İndi məlum olur ki, Şura yenidən fəaliyyətinə başlayır.
Bir sözlə, belə məlum olur ki, bu il əsl geosiyasət ili olacaq. Bəli, qeyd etdiyimiz məqamlarla eyni vaxtda Qazaxıstanda vəziyyət qızışdı və keçmiş prezident, Elbaşı Nursultan Nazarbayev bütün postlarından isetfa verməli oldu. Biz bu sətirləri yazarkən proseslər hələ davam edirdi. 
Qeyd edək ki, prosesin geosiyasi məqamları hələ ki qaranlıqdır. Hətta belə fikirlər səslənir ki, guya məqsəd türkçü N.Nazarbayevi siyasətdən tamam uzaqıaşdırmaqdır. Amma biz nəticələrlə tələsməzdik. Əlbəttə, bütün hallarda prosesdə Rusiya izi ola bilər, amma bu iz Rusiyanın özünə qarşı da ola bilər.
Əgər proseslər Rusiyaya qarşı olsa, bu Kreml üçün ən böyük itki olacaq, çünki Mərkəzi Asiya ölkələri heç də bir vaxt Aleksandr Soljenitsının dediyi kimi, "qarınaltı yük” deyil, yox, onlar Rusiyanın son ümidi və istinad nöqtəsidir. 
Qazaxıstanın getməsi Moskva üçün ən böyük zərbə ola bilər. Odur ki, Rusiyanın Qazaxıstana sülhməramlılar göndərmək istəyini (deyilənə görə, bu haqda artıq qərar da var!) həm Moskvanın proseslərin arxasında dayanması kimi, həm də onun Qazaxıstanı da itirəcəyindən təlaşlandığının nəticəsi kimi yozmaq olar. 
Bu hadisələrin hər biri üçün xeyli arqument gətirmək olar. Rusiya siyasətçilərinin tez–tez Qazaxıstan torpaqları üçün yerikləməsi, bu ölkənin şimal ərazilərinin Rusiya torpaqları olmasını demələri bir tərəfə, onların Nazarbayevdən narazı olması üçün xeyli əsaslar var. Məsələ bundadır ki, o, son vaxtlarda sistemli şəkildə özü Türkiyəyə doğru irəliləyir və digər ölkələri də ardınca çəkirdi. Xüsusən də axır vaxtlarda Türk Şurasının təşkilata çevrilməsi, onun adının türk dövlətlərnin təşkilatı kimi müəyyən edilməsi (əvvəl bu, türkdilli dövlətlər adlanırdı!) Kremli yetərincə qıcıqlandıran məsələ idi. 
Bütün bu sadalanan məqamları proseslərin Rusiyanın əleyhinə olması kimi də yozmaq olar. Amma burada sual yaranır: bəs etirazçılar Nazarbayevi niyə bütün postlardan devirdilər? Prinsipcə, bu sualın da cavabını tapmaq olar. Məsələ bundadır ki, Nursultan on illərin diktatoru idi və bir çoxu onun siyasi və geosiyasi manevrlərindən heyranlıqla danışsalar da, bir daha deyirik ki, bu adam tipik diktator idi və insanları yormuşdu. 
Nazarbayevin məntiqlə ölkə hələ keçid dövrünü bitirməmişdi. Amma artıq onun müstəqillik qazanmasından otuz il keçib və buna baxmayraq, Elbaşı hələ də belə hesab edir ki, Rusiya ilə manevrləri davam etdirmək lazımdır. Biz hələ daxildəki diktaturanı demirik. Üstəlik, qonşuluqda Qırğızstan nümuməsi də var. Məgər Qazaxıstan Qırğızıstandan geri və kiçik ölkədirmi?..